Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Akif Musayevin 70 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

  • Oxunub 1319 dəfə

 Oktyabrın 12-də Mərkəzi Elmi Kitabxanada İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş "Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.

 AMEA Rəyasət Heyətinin müvafiq qərarı, AMEA-nın İqtisadiyyat İnstitutu və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın elmi ictimaiyyəti, tanınmış iqtisadçılar, iqtisadi yönümlü ali məktəblərin müəllimləri, həmçinin Rusiya, Gürcüstan, Rumıniya və Serbiyadan olan alim və mütəxəssislər iştirak edirdilər.

 Konfransı giriş sözü ilə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli açaraq A.Musayevin elmi fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, onun rəhbərliyi altında 35 fəlsəfə, 5 elmlər doktoru hazırlanıb. Alim Azərbaycandan kənarda da görkəmli iqtisadçı kimi tanınıb, əsərləri Rusiya, Türkiyə, Macarıstan və digər ölkələrdə də çap olunub. N.Müzəffərli A.Musayevin yeni çapdan çıxan biblioqrafik göstəricisini, konfransın materiallarının kitab şəklində nəşr olunduğunu da diqqətə çatdırdı.

 Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin mövzusunun qabaqlayıcı vergi siyasətinə həsr edilməsinin təsadüfi olmadığını, A.Musayevin uzun illərdir bu istiqamətdə tədqiqatlar apardığını vurğuladı. Bildirdi ki, A.Musayev ölkəmizdə fiskal siyasət sahəsində aparılan elmi tədqiqat işlərinin təşkilatçısı və rəhbəri, vergi sisteminin normativ hüquqi bazasının yaradılmasının əsas iştirakçı və təşkilatçılarından biridir. Konfransın işinə uğurlar arzulayan akademik yubiliyarın bundan sonra da Azərbaycan iqtisad elminin inkişafına yeni töhfələr verəcəyinə inandığını vurğuladı.

 Rusiyanın Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun (MİRİ) direktor müavini Georgi Kleyner təmsil etdiyi institutun rəhbərliyi adından prof. A.Musayevi təbrik etdikdən sonra “İqtisadi islahatlar, strateji planlaşdırma, dövlət tənzimləməsi: sistemli yanaşma” mövzusunda məruzə etdi. Konfransın ölkələrimizdə baş verən iqtisadi proseslərin təhlili baxımından əhəmiyyətli olduğunu qeyd edən Rusiyalı alim həyata keçirilən iqtisadi islahatlardan, iqtisadiyyatda riyazi modellərin tədbiqindən və s. söz açdı.

 Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov "Ali təhsildə islahatların strateji istiqamətləri", İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin əməkdaşı, akademik Vladimir Papava “Texnoloji yeniliklərin fiskal stimullaşdırılması”, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov "İnsan kapitalının formalaşmasının prioritet istiqamətləri", Rumıniyadan prof. Trayan Lonut Luka “İqtisadi inkişafın davamlılığı və vergi siyasəti”, Serbiyadan prof. Marko Caric “Vergi inzibatçılığı və vergi yükünün optimallaşdırılması” mövzularında çıxış etdilər.

 Məruzəçilər prof. A.Musayevi bacarıqlı və böyük potensiala malik tədqiqatçı, ölkəmizdə iqtisad elminin inkişafına mühüm töhfələr verən, kadrların hazırlanmasında xüsusi xidmətləri olan, təhsil, elm və praktikanı peşəkarcasına özündə birləşdirən dəyərli iqtisadçı alim kimi xarakterizə etməklə yanaşı onun elmi-pedaqoji və vergi orqanlarındakı fəaliyyətini yüksək qiymətləndirdilər. Rusiya və Gürcüstandan gələn alimlər, Milli Məclisin deputatı Əli Məsimli, Auditorlar Palatasının sədri Vahid Novruzov və digər qonaqlar yubiliyarı təbrik etdilər, ona gələcək elmi fəaliyyətində uğurlar arzuladılar.

 Prof. A.Musayev konfransın yüksək səviyyədə təşkilinə görə AMEA rəhbərliyinə, təşkilatçılara və məruzəçilərə öz minnətdarlığını bildirdi.

 Sonra konfrans işini 3 bölmədə plenar iclaslarda: “İqtisadi islahatların strateji istiqamətləri və dayanıqlı sosial-iqtisadi inkişafı” (moderatorlar: prof. V.Novruzov və prof. Z.Məmmədov), “Aktiv vergi siyasəti, vergiqoymanın elmi-nəzəri və praktiki problemləri” (moderatorlar: prof. İ.Abbasov və prof. İ.İbrahimov) və “İqtisadi tədqiqatlarda ekonometrikanın, riyazi üsul və modellərin tətbiqi” (moderatorlar: AMEA-nın müxbir üzvü, prof. Q.İmanov və prof Y.Həsənli) mövzularında davam etdirdi (economics.com.az).

Fotoqalereya (yüklə)