AMEA İqtisadiyyat İnstitutunda Rusiya və Gürcüstan alimləri ilə görüş keçirildi
- Oxunub 1189 dəfə
Oktyabrın 13-də AMEA İqtisadiyyat İnstitutunda Elmi Şuranın üzvlərinin və elmi əməkdaşların iştirakı ilə Rusiya və Gürcüstandan gəlmiş bir qrup tanınmış iqtisadçı alimlə görüş keçirildi
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Mərkəzi İqtisadi-riyazi Tədqiqatlat İnstitutunun (MİRİ) direktor müavini, professor Georgi Kleynerin və İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Vladimir Papavanın rəhbərlik etdikləri nümayəndə heyətlərini salamladı, onlarla görüşün və aparılacaq elmi müzakirələrin gələcək əməkdaşlığımız üçün faydalı olacağını vurğuladı. AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi tədqiqatlar barədə məlumat verən N.Müzəffərli elmi institutlar arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması, layihələrin işlənilməsi, konfransların keçirilməsi və s. məsələlərin əhəmiyyətindən danışdı.
Sonra prof. Georgi Kleyner ölkələrimizdə baş verən ümumi iqtisadi meyillər, iqtisadi nəzəriyyələr və iqtisadi proseslərə alimlərin baxışı, idarəetmə problemləri, iqtisadi modellər, iqtisadiyyat sahəsində elmi tədqiqatların əsas aktual məsələləri və s. ətrafında öz mülahizələrini bildirdi.
Prof. Vladimir Papava son illər iqtisadiyyatda baş verən proseslər, iqtisadi nəzriyyənin qarşısında duran elmi problemlər, iqtisadiyyatın inkişafında alimlərin üzərinə düşən vəzifələr, Gürcüstanda həyata keçirilən iqtisadi islahatlar və onun müsbət və mənfi nəticələri, ölkəsindəki iqtisadi qanunvericilik bazası və real biznes mühiti barədə danışdı.
Sonra çıxışlar və əməkdaşların sualları ətrafında diskussiya aparıldı. Xüsusən də Rusiya, Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının spesifik, oxşar və fərqli xüsusiyyətləri, bu ölkələrdə həyata keçirilən iqtisadi islahatlar və gözləntilər maraqlı müzakirələrə yol açdı (economics.com.az).