Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları Türkiyə Mərkəzi Bankında görüşlər keçiriblər

  • Oxunub 1301 dəfə

 İ.e.d. Fuad Qənbərov Ankarada “Valyuta kursunun devalvasiyası və makroiqtisadi sabitlik: Azərbaycan təcrübəsi" mövzusunda təqdimatla çıxış edib

 Oktyabrın 10-dan 12-dək AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərov və kiçik elmi işçi Ceyhun Hüseynov “Devalvasiya şəraitində milli valyutanın (manatın) makroiqtisadi sabitliyə təsiri” layihəsi çərçivəsində Ankarada Türkiyə Cümhuriyyəti Mərkəzi Bankında olublar, görüşlər keçiriblər. Məqsəd AMEA İqtisadiyyat İnstitutu və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının tədqiqatçıları arasında valyutanın devalvasiyası şəraitində makroiqtisadi sabitlik məsələlərinə dair interaktiv müzakirələrin aparılması üçün platforma yaratmaqdır.

 İ.e.d. Fuad Qənbərov Türkiyənin Mərkəzi Bankının “Tədqiqat və Pul Siyasəti” və “Struktur İqtisadi Araşdırmalar” idarələrinin əməkdaşları qarşısında “Valyuta kursunun devalvasiyası və makroiqtisadi sabitlik: Azərbaycan təcrübəsi" mövzusunda təqdimatla çıxış edib. Mövzu ətrafında geniş və maraqlı müzakirələr aparılıb.

 Görüşlərdən və faydalı müzakirələrdən razı qalan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının icracı direktoru Hakan Atasoy AMEA İqtisadiyyat İnstitutuna təşəkkür məktubu göndərib. 

 Oktyabrın 13-də AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları Hacettepe Universitetinin “Beynəlxalq hüquq fakultəsi”nin müəllimi i.f.d., dos. Bahadır Bumin Özarslan, “Beynəlxalq münasibətlər kafedrası”nın müdiri i.e.d., professor Yonca Anzerlioğlu və müdir müavini i.f.d., dos. Anar Somoncuoğlu ilə görüşüblər. Türkiyəli alimlərlə iki ölkə arasında mövcud iqtisadi əlaqələr barəsində geniş diskussiyalar aparılıb.

  Daha sonra Hacettepe Universiteti “İqtisadiyyat və idarəetmə fakültəsi”nin dekanı, professor Sunay İl, maliyə kafedrasının müdiri, prof. Tarkan Çavuşoğlu və prof. Ahmet Burçin Yereli ilə birgə toplantı keçirilib. Görüş zamanı tarix boyu dəfələrlə devalvasiya təcrübəsi olan Türkiyədə həyata keçirilən tədbirlər, tətbiq olunan iqtisadi modellər ətrafında müzakirələr aparılıb. Eyni zamanda Hacettepe Universiteti və AMEA İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq imkanları da müzakirə olunub (economics.com.az).