Elmi Seminarda iki dissertasiya işi müzakirə olundu
- Oxunub 1266 dəfə
Oktyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.
İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantı Allahyarov Rauf Mirzağa oğlu “Əmək bazarının formalaşması şəraitində əhalinin məşğulluğunun tənzimlənməsi” mövzusunda (“Ümumi iqtisadiyyat” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər prof. Şahbaz Muradov). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.
İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Amil Məhərrəmov və i.f.d. Rüfət Efendiyev təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı R.Allahyarov seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminar üzvləri tədqiqat işi ilə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu.
Seminarın ikinci hissəsində AMEA İqtisadiyyat İnstitutunun dissertantı Musayev Samir İlqar oğlu “Bank vəsaitinin real sektora yönləndirilməsinin effektivliyi” mövzusunda (“Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər akademik Ziyad Səmədzadə). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.
Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Dünyamalı Vəliyev və i.f.d. Yaşar Məmmədov əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı S.Musayev suallara cavab verdi, qeyd olunan iradları nəzərə almaqla işdə zəruri dəyişikliklər edəcəyini bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması, aparılacaq düzəlişlərin rəyçilərlə razılaşdırılmaq şərti ilə yeni təkmilləşdirilmiş formada növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).