Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının layihəsinin ictimai müzakirəsi keçirilib

  • Oxunub 970 dəfə

 İİTKM-də təşkil olunan tədbirə AMEA İqtisadiyyat İnstitutunun proqramın hazırlanmasında iştirak etmiş ekspertləri də qatılıb

 Oktyabrın 31-də Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsi təşkil edilib. Tədbirə həmin proqramın hazırlanmasında bilavasitə iştirak etmiş AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli, elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov, elmi katib Rəsmiyyə Abdullayeva və şöbə müdiri, prof. Akif Musayev də qatılıblar.

 İİTKM-in icraçı direktoru Vüsal Qasımlı çıxış edərək nağdsız ödənişlərin əhəmiyyətindən və üstünlüklərindən danışıb. Bildirib ki, nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın inkişafı yolu biznes mühitinin yaxşılaşması və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaradır. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də qeyd olunub ki, maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız əməliyyatların genişləndirilməsi imkanları mövcuddur. V.Qasımlı Dövlət Proqramı layihəsinin “MasterCard Advisors”un və AMEA İqtisadiyyat İnstitutunun mütəxəsslərindən ibarət peşəkar kollektiv tərəfindən hazırlanmasının diqqətə layiq olduğunu qeyd edib.

 Sonra Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev çıxış edərək ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman Mərkəzi Bankın və hökumətin diqqət mərkəzində olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində konkret tapşırıq verilib. Tapşırıqdan irəli gələrək, Mərkəzi Bank tərəfindən “MasterCard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillərin müəyyən edilməsi üzrə geniş analitik təhlil və diaqnostika işləri aparılan, beynəlxalq təcrübə əsasında hazırlanan təkliflər işçi qrupuna daxil olan aidiyyatı hökumət qurumları ilə, o cümlədən, xidmət provayderləri, banklarla, dövlət qurumları ilə müzakirə edilib. Beynəlxalq ekspertlərin təklifləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsititutu da cəlb edilməklə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb .Proqramın strateji məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan transaksiyaların əhəmiyyətli genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan transaksiya xərclərinin azaldılmasıdır.

 “MasterCard Advisors” bölümünün Cənub Şərqi Avropa üzrə rəhbəri Selin Bahadırlı layihə çərçivəsində rəqəmsal iqtisadiyyatın formalaşdırılması və rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə ölkədə qeyri-neft sektoru üzrə nağd iqtisadiyyatı şərtlləndirən amillərin fundamental təhlilinin nəticələri, maliyyə bazarlarının mövcud vəziyyəti, nağdsız hesablaşmaların inkişafına mane olan institusional faktorlar barədə məlumat verib. Layihənin yekunu kimi hazırlanan dövlət proqamında qabaqcıl beynəlxalq təcrübə əsasında rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal ödənişlər üzrə marifləndirmə və təbliğatın təşkili olmaqla dörd istiqamət üzrə 18 prioritet və bütövlükdə 60-dan çox tədbir müəyyən edilib.

 Layihə geniş müzakirə olunub. Nəzərdə tutulan tədbirlərin icrasına nəzarət, monitorinq və proqramın idarə edilməsi və maliyyələşdirilməsi mexanizmlərinin hazırlanması üzrə təkliflər irəli sürülüb. Dövlət Proqramı layihəsinin təklif və tövsiyyələr nəzərə alınmaqla təkmilləşdirilməsi qərara alınıb (economics.com.az).