Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşri hazırlanacaq

  • Oxunub 1077 dəfə

 AMEA Rəyasət Heyətinin qərarına əsasən, Orfoqrafiya Komissiyasının tərkibinə İqtisadiyyat İnstitutunun  direktoru, prof. Nazim Müzəffərli də daxil edilib

  Azərbaycan dilinin leksik tərkibinin və qrammatik normalarının müəyyən edilməsində orfoqrafiya qaydalarının və orfoqrafiya lüğətinin mühüm elmi-nəzəri və praktik əhəmiyyəti vardır. Azərbaycan dilinin orfoqrafiya lüğəti 1929-cu ildən bu günə qədər müxtəlif vaxtlarda 6 dəfə nəşr olunmuşdur. Orfoqrafiya lüğətinin hazırlanmasında ölkəmizin dilçi alimlərinin və xüsusən Azərbaycan Milli Elmlər Akademiyasında çalışan tanınmış dilçilərin mühüm rolu olmuşdur.

 Müstəqillik illərində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişlənməsi və ölkəmizdə milli-mənəvi özünüdərkə qayıdışın daha da dərinləşməsi orfoqrafiya lüğətinin yenidən hazırlanması zərurətini yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş tədbirdə dilimizin lüğət tərkibinin imkanları və ana dilimizin saflığının qorunması haqqında irəli sürdüyü fikirlər dilçilik elminin qarşısında mühüm vəzifələr qoymuşdur. Müstəqillik dövrünün yeni orfoqrafiya lüğətinin hazırlanması həmin vəzifələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Yeni tarixi epoxanın orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi alınma sözlər axınının qarşısının alınmasına milli terminologiyanın formalaşdırılmasına, Azərbaycan dilinin müasir inkişafının təmin edilməsinə birbaşa təsir göstərən mühüm faktordur.

 Yuxarıda qeyd olunanları nəzərə alan Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 01 noyabr 2017-ci il tarixli qərarına əsasən aşağıdakı tədbirlər nəzərdə tutulur:

1. Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin prinsiplərinin hazırlanması, müzakirəsinin keçirilməsi, lüğətin nəşr edilməsinin təmin edilməsi məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Respublika Komissiyası yaradılsın (əlavə olunur).

2. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna (akademik Möhsün Nağısoylu) tapşırılsın ki, bir ay müddətində aidiyyəti elmi qurumlarla birlikdə Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin qaydaları və prinsiplərini hazırlayıb müzakirə üçün təqdim etsin.

3. Yeni orfoqrafiya lüğətinin qaydaları və prinsiplərini geniş elmi ictimaiyyətin müzakirəsinə çatdırmaq məqsədilə həmin müddəalar “Elm” qəzetində çap olunsun.

4. Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə dair qaydalar və prinsiplər Respublika Komissiyasında geniş müzakirə olunub qəbul edildikdən sonra təsdiq olunsun.

5. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 2018-ci ilin may ayınadək yeni orfoqrafiya lüğətinin hazırlanıb təqdim olunmasını təmin etsin.

6. AMEA-nın “Elm” Nəşriyyatı (Hafiz Abıyev) orfoqrafiya lüğətinin nəşr edilməsini təmin etsin.

7. Azərbaycan dilinin orfoqrafiya lüğətinin nəşr edilərək AMEA adından ölkəmizin ali və orta məktəblərinə, rayon və şəhər kitabxanalarına göndərilməsi həyata keçirilsin.

8. AMEA Rəyasət Heyəti aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsi (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) qərardan irəli gələn məsələləri həll etdin.

9. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə tapşırılsın.

 AMEA Rəyasət Heyətinin qərarına əsasən, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Orfoqrafiya Komissiyası yaradılıb. Akademik İsa Həbibbəyli komissiya sədrinin müavini, akademik Möhsün Nağısoylu isə komissiyanın məsul katibidir. Orfoqrafiya Komissiyasının tərkibinə AMEA İqtisadiyyat İnstitutunun  direktoru, prof. Nazim Müzəffərli də daxil edilib.

 Komissiyanın tərkibinə yazıçı Anar (Yazıçılar Birliyinin sədri), akademik Teymur Kərimli (AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi), akademik Nərgiz Axundova (AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi), Vaqif Əliyev (Mədəniyyət və Turizm nazirinin müavini), Ceyhun Bayramov (təhsil nazirinin müavini), Əflatun Amaşov (Mətbuat Şurasının sədri), akademik Kamal Abdulla (Azərbaycan Dövlət Dillər Universitetinin rektoru), akademik Rafael Hüseynov (AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru), akademik Nizami Cəfərov (Azərbaycan Atatürk Mərkəzinin direktoru), Aydın İbadov (Reklam Agentliyinin direktoru), Afaq Məsud (Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru), Əbülfəz Quliyev (AMEA-nın müxbir üzvü – AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru), professor Nizami Xudiyev (Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri), Əsgər Quliyev (Təhsil Nazirliyinin şöbə müdiri), professor İsmayıl Məmmədli (AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri), professor Sayalı Sadıqova (AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri), professor Qəzənfər Kazımov (AMEA Nəsimi adına Dilçilk İnstitutunun baş elmi işçisi), professor Buludxan Xəlilov (Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı), professor Sənubər Abdullayeva (Bakı Dövlət Universitetinin kafedra müdiri), professor Mübariz Yusifov (Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, Zülfüqar Fərzəliyev (AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi),  Hafiz Abıyev (AMEA “Elm” Nəşriyyatının direktoru) daxildirlər (economics.com.az).