İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Abdullayeva “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” layihəsinin açılış mərasimində iştirak edib
- Oxunub 978 dəfə
Noyabrın 27-də Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfiri Ourelia Buşes, millət vəkilləri, ali məktəblərin rektorları iştirak edib.
Tədbirdə bildirilib ki, layihənin tərəfdaşları Aİ-yə üzv olan dövlətlər – Fransa və Litvadır. 2019-cu ilin avqustunadək həyata keçiriləcək layihənin məqsədi səhiyyə xərclərinin planlaşdırılması, icrası və monitorinqi sahəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin institusional imkanlarının gücləndirilməsidir. Zaur Əliyevin sözlərinə görə,, layihə Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsi prosesinin təkmilləşməsinə xidmət edəcək: “Layihənin məqsədi icbari tibbi sığorta haqlarının yığılması, səhiyyə xidmətlərinin satın alınması ilə səhiyyə xərclərinin planlaşdırılması, icrası və monitorinqinin aparılmasında institusional potensialının gücləndirilməsidir”. K.Yankauskas bildirib ki, layihə icbari tibbi sığortanın tətbiqi üçün maliyyə idarəetmə çərçivəsinin inkişaf etdirilməsinə dəstək olacaq.
Müzakirələrdə AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d., dos. Rəsmiyyə Abdullayeva da iştirak edib. Tibbi sığortanın əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışan R.Abdullayeva tibbi sığorta tariflərinin müxtəlif əhali qrupları üzrə müəyyənləşdirilməsi, bu sahədə xarici ölkələrin təcrübəsi, yığılacaq sığorta haqlarının xərclənməsində şəffaflığın təmin olunması məsələləri ilə bağlı öz fikirlərini bildirib (economics.com.az).