İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə keçiriləcək
- Oxunub 938 dəfə
İqtisad elminin inkişafında xüsusi xidmətləri olan alimlərə İqtisadiyyat İnstitutunun “Fəxri doktoru” adı veriləcək
Noyabrın 30-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.
İclasda İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov 2017-ci ilin elmi-tədqiqat işlərinin yekunları haqqında geniş təqdimatla çıxış etdi.
Sonra AMEA İqtisadiyyat İnstitutunun “Elmi vəzifələrin tutulması üçün müsabiqə keçirilməsi qaydaları” haqqında məsələ müzakiə edildi və müsabiqə qaydaları açıq səsvermə yolu ilə təsdiq olundu. Gələn ilin əvvəllərində həmin qaydalar əsasında müvafiq müsabiqənin keçirilməsi nəzərdə tutulur.
Elmi Şurada İqtisadiyyat İnstitutunun “Fəxri doktoru” adı haqqında məsələ də müzakirə edildi. İnstitutun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva “Fəxri doktor” adının verilməsi qaydalarını özündə əks etdirən əsasnaməni diqqətə çatdırdı. İqtisadiyyat İnstitutunun “Fəxri doktoru” adı iqtisad elminin inkişafındakı xüsusi xidmətləri olan yerli və xarici alimlərə veriləcək. İclasda müvafiq əsasnamə təsdiq edildi.
Elmi Şurada İnstitutun “Təhsil” şöbəsinin müdiri, i.f.d., dos. Arzu Hüseyn, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri i.f.d., dos. Rüfət Efendiyev və “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri i.f.d. Mahir Zeynalov rəhbərlik etdikləri şöbələrin 2017-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etdilər.
İclasda İqtisadiyyat İnstitutunun magistraturasının müvafiq fənn proqramları da təsdiq olundu. Toplantıda digər təşkilati və cari məsələlər də müzakirə edildi (economics.com.az).