Elmi Seminarda dissertasiya işləri geniş müzakirə edildi
- Oxunub 1451 dəfə
Dekabrın 7-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.
İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantı Yadigarov Təbriz Abdulla oğlu “Azərbaycan Respublikasının xarici-iqtisadi əlaqələrində dəniz nəqliyyatının səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işi haqda məlumat verdi (elmi rəhbərlər i.e.d. F.Ə.Qənbərov və i.f.d. Ə.B.Sarıyev). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.
İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. İ.Kərimov, c.e.d., prof. Ə.Əliyev və i.f.d., dos. T.İbrahimov çıxış edərək təqdim etdikləri rəylərdə mövzunun aktuallığını, müəllifin tamamlanmış bir tədqiqat əsəri ortaya qoyduğunu, işin Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Bununla yanaşı, irad və təkliflərini də bildirdilər. İddiaçı T. Yadigarov seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminar üzvləri tədqiqat işi ilə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər, aktual bir mövzuda müasir tələblərə uyğun tədqiqat işi yerinə yetirildiyini vurğuladılar. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müdafiə mərhələsinə tövsiyə olundu.
Seminarın ikinci hissəsində AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktorantı Tağızadə Leyla Fərhad qızı “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi istiqamətləri (aqrar-sənaye timsalında)” mövzusunda dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər i.e.d., prof. İ.Alıyev). Tədqiqat işinin aktuallığını, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.
Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. İrşad Kərimov, i.f.d Aqil Eyvazov və i.f.d. Yunus Sadıqov əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı L.Tağızadə suallara cavab verdi, qeyd olunan iradları nəzərə almaqla işdə zəruri dəyişikliklər edəcəyini bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə ciddi irad və təkliflərin nəzərə alınması, aparılacaq düzəlişlərin rəyçilərlə razılaşdırılmaq şərti ilə yeni təkmilləşdirilmiş formada növbəti müzakirə mərhələsinə tövsiyə olundu (economics.com.az).