Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirildi

  • Oxunub 1188 dəfə

 İ.f.d. Seyfəddin Səməndərov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi islahatlar” mövzusunda məruzə ilə çıxış etdi

  Dekabrın 27-də AMEA İqtisadiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamı əsasında AMEA Rəyasət Heyətinin həmin yubileylə bağlı müvafiq tədbirlər planına uyğun olaraq növbəti belə tədbir baş tutdu.

 Konfransı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli AXC-nin yaradılmasını tariximizin ən şanlı səhifəsi kimi qiymətləndirməklə yanaşı, AXC dövrünün iqtisadiyyatının elmi baxımdan dərindən öyrənilməsinin vacibliyini, bu sahədə İqtisadiyyat İnstitutunun da boynuna böyük yük düşdüyünü vurğuladı.

 Sonra İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Seyfəddin Səməndərov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi islahatlar” mövzusunda məruzə ilə çıxış etdi. O, AXC-nin elan olunduğu ərəfədə mövcud siyasi, sosial-iqtisadi vəziyyəti, tarixi şəraiti, dövrün mövcud reallıqlarını, milli azadlıq hərakatının əsas xüsusiyyətlərini, xalqın öz müqəddaratını təyin etmək uğrunda apardığı mübarizənin xarakterini və s. təhlil etdi. Məruzəçi AXC-nin yaranması  və qurucuları, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, “İstiqlal bəyannaməsi”nin qəbul edilməsi, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsi, AXC hökumətinin tərkibi, hökumətin Tiflisdən Gəncəyə, sonra Bakıya köçürülməsi, sonrakı qısa müddət ərzində dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər barəsində danışdı.

 S.Səməndərov cəmi 23 ay mövcud olmuş AXC hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyətini, hədəflərini təhlil edərək xüsusən də aqrar islahatlar, torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması, maliyyə-vergi siyasəti, milli valyutanın buraxılması, dövlət bankının yaradılması, dövlət büdcəsinin formalaşdırılması, dağılmış infrastrukturun yenidən qurulması, sənayenin inkişafı istiqamətində atılan addımlar, xarici ticarət əlaqələrinin qurulması sahəsindəki mühüm addımlarını xüsusi qeyd etdi. Habelə Azərbaycan parlamentinin fəaliyyəti, erməni təcavüzü nəticəsində yaranmış qaçqınlar ordusu və hökumətin bu sahədəki siyasəti, dövlətin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün görülən tədbirlər konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

 Konfransda çıxış edənlər – professor İsa Alıyev, iqtisad üzrə fəlsəfə doktorları Samirə Abasova, Aqil Əsədov, İlkin Sultanlı, Cəlil Quliyev, habelə Tanrıverdi Paşa, Çingiz Baxış AXC-nin yaranmasının dövlətçilik tariximiz baxımından əhəmiyyətini vurğulamaqla yanaşı bu işdə böyük rolu olan o dövrün ziyalılarının fədakarlığını xüsusi qeyd etdilər. AXC dövrünün daha dərindən öyrənilərək gələcək nəsillərə çatdırılmasının zəruriliyini bildirdilər (economics.com.az).

 S.Səməndərovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi islahatlar” mövzusunda məruzəsi ilə aşağıdakı faylı yükləməklə tanış olmaq olar