Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun layihəsi beynəlxalq qrant müsabiqəsinin qalibi olub

  • Oxunub 1039 dəfə

 Professor Rəna Sultanovanın rəhbərliyi ilə iki illik layihə yerinə yetiriləcək

  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 2017-ci il martın 16-da elan edilmiş ikinci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak ediblər. İkinci Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi bir milyon manat olmaqla 15 qalib layihə müəyyənləşdirilib.  

 Həmin qaliblər arasında AMEA İqtisadiyyat İnstitutunun təqdim etdiyi layihə də var. “Azərbaycan və Belarusda bərpa olunan mənbələrdən enerji istehsalının həcminin artırılması və enerji səmərəliliyinin yüksəldilməsinin iqtisadi-hüquqi əsasları” adlanan layihənin rəhbəri İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanovadır. Şöbənin əməkdaşlarının (M.Əyyubov, N.Əhmədov, M.Abdalova və K.Piriyev) iştirakı ilə 2 il ərzində yerinə yetiriləcək layihəyə 40 min manat qrant ayrılıb.

 Qeyd edək ki, müsabiqə 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli beynəlxalq sazişin müddəaları nəzərə alınmaqla keçirilib. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr nəzərdə tutulub. Layihələr ötən il martın 17-dən mayın 15-dək qəbul olunub.

 Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın seçimi zamanı üstünlük verilib. Qalib layihə rəhbərlərindən altısı qadındır. Layihələr 2018-ci ildən başlayaraq maliyyələşdiriləcək (economics.com.az).