Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Strateji Yol Xəritələri ekspertlərin iştirakı ilə elmi müstəvidə müzakirə olundu

  • Oxunub 1523 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli "Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və strateji yol xəritələrinin əsas vektorları" mövzusunda geniş təqdimatla çıxış edib

  Fevralın 7-də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi ilə AMEA-nın İqtisadiyyat İnstitutu birgə “Strateji Yol Xəritələri: nəzəriyyə və praktika” adlı dəyirmi masa təşkil etdi. Tədbirin keçirilməsində əsas məqsəd AMEA İqtisadiyyat İnstitutunda hazırlanan metodologiya əsasında strateji yol xəritələrində nəzərdə tutulan islahatların elmi qiymətləndirilməsindən ibarət olub. Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlardan, iqtisadi artım göstəricilərindən, qeyri-neft sektorunun inkişafından, beynəlxalq reytinqlərdə ölkənin mövqelərinin yaxşılaşmasından və s. danışdı.   

 Sonra İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli "Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və strateji yol xəritələrinin əsas vektorları" mövzusunda geniş təqdimatla çıxış etdi. Bildirdi ki, son illər İnstitutda aparılan İS(S)İ üzrə aparılan tədqiqatlar yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlərin də diqqətini çəkib: “Yeni dövr iqtisadiyyat nəzəriyyəsi iki iqtisadi fəlsəfənin – dirijizmlə liberalizmin rəqabəti üzərində qurulub. Birincinin tərəfdarları dövlətin iqtisadiyyata fəal müdaxilə edərək onu geniş miqyasda tənzimləməsinə (dirijist siyasət), ikincinin tərəfdarları isə, əksinə, iqtisadiyyatın özünütənzimləmə mexamizmlərinə (liberallaşmaya) üstünlük verirlər. Dövlətin iqtisadiyyata elə müdaxilə formaları var ki, ona model xassələri verir. Yəni iqtisadi modellər bir-birindən məhz bu cür müdaxilələrin səviyyəsinə görə fərqlənir. Biz bunlara modelyaradıcı dövlət müdaxilələri deyirik. Bizim qiymətləndirmələrə görə, Azərbaycanda iqtisadiyyatın liberallaşma potensialı, imkanları yüksəkdir və ölkədə aparılan islahatlar daha çox liberal xarakterlidir”.

Prof. N.Müzəffərli qeyd etdi ki, dirijist iqtisadiyyat tərəfdarları hesab edirlər ki, dövlət iqtisadiyyata geniş müdaxilə edərək, vətəndaşların rifahını yuksəltməlidir (xalqı «dolandırmalıdır»); iqtisadiyyatın sosialyönlüyünü təmin etmək üçün dövlət sosial problemlərin həllini öz üzərinə götürməlidir. İqtisadiyyat İnstitutunun İS(S)İ üzrə tədqiqatları isə isbat edir ki, liberal iqtisadiyyatlar təxminən eyni inkişaf səviyyəsindəki dirijist iqtisadiyyatlara nisbətən daha sosialyönlü ola bilər və bir çox hallarda olur. Habelə solçuluğun sosialyönlük kimi (və əksinə, sosialyönlüyün solçuluq kimi) təfsir edilməsi səhvdir və ciddi iqtisadi fəsadlar törədə bilər. Ona görə də,  “sosialyonlülük» bəhanəsi ilə liberal islahatlardan çəkinmək yanlişdır və belə islahatlar iqtisadi artımın sürətləndirilməsi və ictimai rifahın yüksəldilməsi üçün kafi şərt olmasa da, zəruri şərtdir!

 Strateji yol xəritələrində nəzərdə tutulur ki, dövlət sektoru ilə özəl sektor arasındakı nisbət ikincinin xeyrinə dəyişəcək; rəqabət mühiti inkişaf etdiriləcək (anti-inhisar siyasəti); neft gəlirlərinin büdcəyə transferlərinə «qızıl qayda» tətbiq ediləcək; müəssisələrin vergi yükü yüngülləşdiriləcək; biznes mühiti (o cümlədən xarici investorlar üçün) yaxşılaşdırılacaq; xarici iqtisadi interaksiyalar sadələşdiriləcək; monetar tənzimləmə «üzən məzənnə» siyasətinə əsaslanacaqdır.   Bütün bu dəyişikliklər dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ümumi səviyyəsini azaltmağa yönəlmişdir. Nəzərdə tutulan bu islahatlar, əsas etibarilə, liberal yönlüdür.   

  Sonra məruzə ətrafında, habelə  ölkəmizdə aparılan iqtisadi islahatlar, onların nəticələri və gözləntilərlə bağlı geniş müzakirələr aparıldı. Ekspertlər İqtisadiyyat İnstitutunda aparılan tədqiqatları maraqla qarşıladılar və yüksək qiymətləndirdilər. Müzakirələrdə Strateji Yol Xəritələrinin həyata keçirilməsində iştirak edən bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı alimlər iştirak edirdilər (economics.com.az).

Professor Nazim Müzəffərlinin təqdimatı ilə aşağıdakı faylı yükləməklə tanış ola bilərsiniz