Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatları üzrə müsabiqə elan edilib
- Oxunub 1282 dəfə
31 yanvar 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları üzrə müsabiqə elan edilib. Qərara əsasən, AMEA-nın Nəsrəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu Ağa Bakıxanov adına mükafatları üzrə 2018-ci il üçün müsabiqə keçiriləcək. AMEA-nın adlı mükafatları öz əsasnamələrinə uyğun olaraq müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.
Mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə AMEA-nın adlı mükafatlarına namizəd kimi irəli sürülməsinə yol verilmir. Namizədin irəli sürülməsi barədə təqdimat müvafiq sənədlərlə birlikdə 2018-ci il martın 1-dək AMEA prezidentinin 31 mart 2014-cü il tarixli 42 nömrəli sərəncamı ilə yaradılmış Ekspert Komissiyasına təqdim edilməlidir. Ekspert Komissiyasına tapşırılıb ki, ciddi ekspertiza və qiymətləndirmə əsasında iddiaçılar sırasından 2018-ci il martın 15-dək AMEA-nın adlı mükafatları ilə təltif ediləcək namizədlər seçilsin və onlar haqqında müvafiq rəylər AMEA-nın Rəyasət Heyətinə təqdim edilsin. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə (AMEA-nın müxbir üzvü Əminağa Sadıqov) tapşırılıb ki, AMEA-nın adlı mükafatları ilə bağlı keçirilən müsabiqədən irəli gələn təşkilati məsələlər həll edilsin.
AMEA Rəyasət Heyətinin 31 yanvar 2018-ci il tarixli digər bir qərarına əsasən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına 2018-ci il üçün müsabiqə elan edilib. Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.
Nizami Gəncəvi adına Qızıl medal üçün irəli sürülmüş namizəd haqqında təqdimat müvafiq sənədlərlə birlikdə 2018-ci il martın 1-dək AMEA prezidentinin 31 mart 2014-cü il tarixli 42 nömrəli sərəncamı ilə yaradılmış Ekspert Komissiyasına təqdim edilməlidir. Ekspert Komissiyasına tapşırılıb ki, ciddi ekspertiza və qiymətləndirmə əsasında iddiaçılar sırasından 2018-ci il martın 15-dək Nizami Gəncəvi adına Qızıl medulla təltif ediləcək namizədlər seçilsin və onlar haqqında müvafiq rəylər AMEA-nın Rəyasət Heyətinə təqdim edilsin. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə (AMEA-nın müxbir üzvü Əminağa Sadıqov) tapşırılıb ki, Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsi ilə bağlı təşkilati məsələlər həll edilsin (economics.com.az).