Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın təşkilatçılığı ilə Beynəlxalq Elm Festivalı keçiriləcək

  • Oxunub 909 dəfə

Festivalda AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak edəcəklər

 Elmin populyarlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin daha geniş miqyasda gerçəkləşdirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli qərarına əsasən, bu il 09-30 oktyabr tarixlərində AMEA-nın təşkilatçılığı ilə növbəti Beynəlxalq Elm Festivalı keçiriləcək. Festivalda AMEA İqtisadiyyat İnstitutunun əməkdaşlarının da yaxından iştirakı nəzərdə tutulur.

 Son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmi biliklərə maraq və həvəsin formalaşdırılması istiqamətindəki tədbirlər təşkil edir. Bu istiqamətdə görülən işlərin davamı olaraq 2014 və 2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, YUNESKO-nun himayəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Moskva Dövlət Universitetinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin təşkilati dəstəyi ilə ölkəmizin paytaxtında, eləcə də regionlarda Elm Festivalları keçirilmişdir. Yeni elmi texnologiya və innovasiyaların nümayiş etdirilməsi, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın artırılması, həmçinin elm-təhsil istehsalat arasında əlaqələrin gücləndirilməsi məqsədilə keçirilmiş bu festivalda respublikamızın dövlət, biznes və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, ali və orta təhsil müəssisələrinin çoxsaylı tələbə və şagirdləri, həmçinin digər vətəndaşlar iştirak etmişlər. Xarici qonaqların da iştirak etdiyi festivalda bir sıra sərgi, mühazirə və elmi səyahətlər, maraqlı şou və digər əyləncəli tədbirlər uğurla nümayiş etdirilmiş və bu tədbir elm və təhsil ictimaiyyəti tərəfindən yüksək maraqla qarşılanmışdır (economics.com.az).