Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə edildi

  • Oxunub 1313 dəfə

 Aprelin 6-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Leyla Fərhad qızı Tağızadənin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi istiqamətləri (aqrar sahənin timsalında)” mövzusunda dissertasiyası müzakirə olundu (elmi rəhbər i.e.d., prof. İsa Alıyev). Dissertasiya işi AMEA Şərqşünaslıq İnstitutunda yerinə yetirilib.

  İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Leyla Tağızadə dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. Amil Məhərrəmov və i.f.d., dos. Famil Rüstəmov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universiteti "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasıdır.

İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı L.Tağızadə opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda L.Tağızadənin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

Avtoreferatla aşağıdakı linki yükləməlkə tanış olmaq olar

Leyla Fərhad qızı Tağızadə “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi istiqamətləri (aqrar sahənin timsalında)”