Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi geniş müzakirə edildi

  • Oxunub 1275 dəfə

 Aprelin 27-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi və İqtisadiyyat İnstitutunun əməkdaşlarının vəzifələri haqqında məsələlər geniş müzakirə olundu.

 Tədbiri giriş sözü ilə açan professor Nazim Müzəffərli akademikin məqaləsinin elmi ictimaiyyət üçün əhəmiyyətindən və iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində iqtisadçı alimlərin üzərinə düşən vəzifələrdən danışdı.

 İqtisadiyyat İnstitutunun “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin  müdiri, i.e.d., professor Tofiq Hüseynov akademiki Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi və İqtisadiyyat İnstitutunun qarşısında duran vəzifələr ətrafında məruzə ilə çıxış etdi. Bildirdi ki, məqalədə Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri göstərilib və bütün sahələr geniş təhlil olunub. Ona görə də, iqtisadçı alimlər öz tədqiqatlarında həmin strategiyanı əsas götürməli, elmi araşdırmalar yeni tələblərə uyğun olaraq aparılmalıdırlar. Son illər AMEA İqtisadiyyat İnstitutunun gördüyü işləri, əldə etdiyi nailiyyətləri qeyd edən məruzəçi akademik R.Mehdiyevin məqaləsində iqtisad elminin və iqtisadçıların milli iqtisadiyyatın inkişafı sahəsində qarşıya qoyduğu vəzifələrin düzgün və aktual olduğunu vurğuladı. Qeyd olunan məsələləri geniş təhlil edən prof. T.Hüseynov akademik R.Mehdiyevə öz məqaləsində Azərbaycan iqtisad elminə yüksək diqqət göstərdiyinə görə minnətdarlığını bildirdi.

 Qeyd edək ki, akademik Ramiz Mehdiyevin adı çəkilən məqaləsində aşağıdakı fikirlər iqtisadçı alimlərin xüsusilə diqqətini çəkib: “İqtisadi ideoloji təbliğatın milli maraqlarımıza uyğun olaraq qurulması üçün iqtisadçı alimlərin, müstəqil ekspertlərin iqtisadi problemlərin müzakirəsinə cəlb edilməsi vacibdir. Çox təəssüflər olsun ki, Azərbaycanın iqtisadi-elmi mühiti ilə iqtisadi yönümlü dövlət orqanları arasında böyük bir məsafə var. Bu məsafənin azaldılmasına cəhd göstərilməməsi bir çox hallarda iqtisadi-elmi potensialın kortəbii şəkildə siyasiləşməsinə gətirib çıxarır. Həyata keçirilən iqtisadi islahatların elmi xarakterini və mövcud problemlərə konstruktiv yanaşmanı təmin etmək üçün Azərbaycanın iqtisadi-elmi mühitinin iqtisadi quruculuq prosesində yaxından iştirakına şərait yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, iqtisadçı alimlər ölkə ziyalılarının əsas hissəsini təşkil etməklə yanaşı, həm də iqtisadi islahatların təbliğində və həyata keçirilməsində əsas qüvvə kimi çıxış edirlər”.

 Elmi Şurada da məhz yuxarıda qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparıldı. İclasda çıxış edənlər – AMEA-nın müxbir üzvləri - prof. Şahbaz Muradov, prof. Qorxmaz İmanov, prof. Əli Nuriyev, prof. Akif Musayev, habelə prof. Rəna Sultanova ölkənin sosial-iqtisadi inkişafında iqtisadçı alimlərin və AMEA İqtisadiyyat İnstitutunun üzərinə düşən vəzifələr, iqtisadi-elmi mühitin müasir tələblərə və yeni çağırışlara cavab verməsi, iqtisadi yönümlü dövlət orqanları ilə elmi-praktiki müstəvidə əməkdaşlıq imkanları, İqtisadiyyat İnstitutunda aparılan fundamental tədqiqatların Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərinə uyğunlaşdırılması kimi aktual məsələlər bərəsində danışdılar. Sonda həmin məsələləri əhatə edən qərar qəbul olundu (economics.com.az).

Akademiki Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi  (yüklə)

Tədbirlə bağlı xəbər KİV-də geniş işıqlandırılıb

"Azərbaycan" qəzeti: "Akademiki Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi geniş müzakirə olunub"     PDF variantda yüklə

AMEA-nın İnternet saytında: "İqtisadiyyat İnstitutu elmi araşdırmalarını Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğunlaşdıracaq"

AZƏRTAC-da: "Akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi geniş müzakirə edilib"