İqtisadiyyat İnstitutunun əməkdaşları “TMW – Tourism Meetup & Workshop” adlı tədbirdə iştirak ediblər
- Oxunub 1265 dəfə
Mayın 12-də Bakıda Azərbaycan Turizm Peşəkarları Assosasiyasının (Skal İnternational Baku) təşkilatçılığı ilə “TMW – Tourism Meetup & Workshop” adlı turizm tədbiri keçirilib. Mövzusu “Turizm məhsulu, yeni imkanlar, bazarlar və müasir trendlər” olan tədbirin keçirilməsində əsas hədəf turizm sənayesinin inkişafı, satışların stimullaşdırılması, effektiv turizm strategiyası istiqamətlərinin müəyyən olunması, turizm sahəsi üzrə ixtisaslaşan mütəxəssislərin və biznesmenlərin qarşılıqlı fikir mübadiləsi aparması üçün şərait yaratmaqdır.
Bir sıra dövlət və özəl təşkilatların nümayəndələrinin qatıldığı toplantıda AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli çıxış edib. Tədbirdə “Turizmin ölkə iqtisadiyyatında rolu”, “Turizm bazarında yeni trendlər və marketinq siyasəti” və “Turizm bazarında imkanlar, yeni bazarlar” panelləri üzrə 12 yerli və xarici tanınmış spikerin məruzə və təqdimatları dinlənilib. Müzakirə panellərindən birinə AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, i.f.d. Leyli Allahverdiyeva spikerlik edib. Tədbirdə həmçinin AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları – i.f.d. Rüfət Efendiyev, i.f.d. Arzu Hüseyn və elmi işçi Ülkər Məmmədova da iştirak ediblər.
Qeyd edək ki, “Skal İnternational” Turizm Peşəkarları Təşkilatı 1932-ci ildə Parisdə yaradılıb və hazırda dünya üzrə 84 ölkədə fəaliyyət göstərən 357 klubda 15 min üzvü var. Bu klublardan biri də Azərbaycanda olan Skal İnternational Baku Klubudur. Təşkilatın əsas məqsədi beynəlxalq səviyyədə qlobal turizmi, dostluğu, turizmdə əlaqələrin qurulması və peşəkar fəaliyyəti təbliğ etməkdir (economics.com.az).