Gənc Alimlər Şurasının sədri: “Gənclərin əsas hədəfi dövlətə xidmət etmək olmalıdır”
- Oxunub 1639 dəfə
Ramil Əliyev: “Elmi vəzifələrin tutulması üçün elan olunmuş müsabiqə İnstitutumuzda gəncləşmə, yeniləşmə aparmağın bir yoludur və dəstəyə layiqdir”
AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyevin “economics.com.az” saytına müsahibəsi
- Ramil müəllim, AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurası olaraq qarşınıza hansı hədəfləri qoymusunuz?
- Qarşımızda bir sıra hədəflər var: aktiv fəaliyyət göstərən gənclərin elmi potensialını düzgün yönləndirmək, onların elmi cəmiyyətə inteqrasiyasına kömək etmək, müəyyən problemlərin həllində - disertasiyanın yazılmasında, xaricdə məqalə dərc olunmasında, yerli konfranslarda iştirak etmək kimi məsələlərdə yardımcı olmaq və s. Ümumilikdə isə, fikrimcə, yaşlının da, gəncin də əsas hədəfi dövlətə xidmət etmək olmalıdır.
- Hədəflərinizdən biri də, təbii ki, elmi iş müdafiə etmək, elmi dərəcə almaqdır. Lakin əksər hallarda dissertantlıq və doktarantlıq müddəti bitsə də, dissertasiya işi hələ ilkin mərhələdə qalır. Bunun səbəblərini nədə görürsünüz?
- Səbəblərdən biri odur ki, gənclər şöbə müdirlərinə hər hansı bir sualla müraciət etməyə, məsləhət almağa və yaxud öz fikirlərini söyləməyə çəkinirlər. Adi fərdi iş planları ilə əlaqədar məsləhət almaqdan sanki qorxurlar. Hesab edirəm ki, şöbələrə təhkim olunmuş dissertantlarla daha ciddi iş aparmaq, onları yeri gəlsə dəstəkləmək, təkan vermək, bəlkə də bəzən yaxşı mənada danlamaq lazımdır. Onlara qarşı biganə yox, tələbkar olmaq lazımdır. Yalnız bu halda gənclər öz işlərinə daha məsuliyyətlə yanaşacaqlar.
- Bəs sizin öz doktorluq işiniz hansı mərhələdədir?
- Gənclərə kömək edə-edə özümdə də yaxşı mənada paxıllıq hissi yaranır. Doktorluq dissertasiyamı bitirmişəm, 40-a yaxın məqaləm var, onlardan 8-ə yaxını xaricdə, nüfuzlu jurnallarda dərc olunub. Hazırda işin aprobasiyası ilə bağlı 4-5 şirkətlə əlaqə saxlayıram. İnşallah, sentyabrda doktorluq işimi müzakirə üçün şöbəyə təqdim etməyi planlaşdırıram.
- Ramil müəllim, əminəm ki, bu sual bir çox əməkdaşlarımızı da maraqlandırır: Gənc Alimlər Şurasının üzvü olmaq üçün şərt olaraq hansı yaş həddi əsas götürülür?
- Ümumiyyətlə elm sahəsində bu rəqəm 35 yaşa qədərdir, AMEA-da isə bəzi reallıqları nəzərə alaraq yaş həddini 40-a qaldırıblar.
- İnstitumuzda gənc alimləri stimullaşdırmaq, daha da həvəsləndirmək istiqamətində hansı işlər gedir?
- Təbii ki, bu istiqamətdə son zamanlar müəyyən tədbirlər həyata keçirilir. Məsələn, müsabiqələr təşkil olunur kİ, orada qoyulan yaş məhdudiyyəti gənc alimlər üçün üstünlük təşkil edir. AMEA-nın təşkil etdiyi elmi məqalə müsabiqəsində şərtlərdən biri də iştirakçının 30 yaşdan yuxarı olmamasıdır. Bu müsabiqədə bizim gənclərimizdən Babazadə İsgəndər və Hüseynov Ceyhun iştirak etdilər. Hazırda nəticələri gözləyirik. Növbəti müsabiqə isə sentyabr ayında gözlənilir. “NBSBankın”ın baş sponsorluğu ilə AMEA İqtisadiyyat İnstitutu tərəfindən elan olunmuş daha bir müsabiqədə isə şərtlərə görə iştirakçıların yaş həddi 35-i keçməməlidir. Gənc alimlərimiz layihələrdə fəal iştirak edirlər. Lakin mən istəyərdim ki, institutumuzda gənclər üçün yaradılmış stimullaşdırıcı tədbirlər yalnız müsabiqədən müsabiqəyə deyil, mümkün qədər daimi xarakter daşısın, digər məsələlərdə də üstünlüklər və imkanlar yaradılsın.
- Əgər sizin əlinizdə səlahiyyət olsa idi, gənc alimlər üçün hansı belə stimulları yaradardınız?
- Bu sualı mən hər gün özümə verirəm: mən gənclər üçün nə edə bilərəm? Məsələn, nüfuzlu jurnallarda gənclərin məqalələrinin çap olunmasına dəstək olmaq, elm sahəsində gənc alimlərin qarşısında duran müəyyən problemləri həll etməyə yardımcı olmaq, layihələrdə daha aktiv iştirak etmələrinə kömək etmək və s. Gənclərin arasında rəqabət yaratmaq lazımdır. Gənclər nəinki xaricdə, hətta yerli jurnallarda məqalə dərc etməyi özlərinə ciddi problem bilirlər. Hazırda layihələrdə iştirak etmək üçün şərtlərdən biri layihənin rəhbərinin AMEA-nın müxbir üzvü və ya akademik olmasıdır. Bu da öz növbəsində gənclər üçün çətinlik yaradır.
- Ümumiyyətlə, gənc alimlər onlar üçün təşkil olunmuş müsabiqələrdə həvəslə iştirak edirlərmi?
- Əfsuslar olsun ki, bəzən xeyr. Potensiallı uşaqlardır, lakin onların yaxşı mənada təkana və təmənnasız dəstəyə ehtiyacları var. Məsələn, Elmin İnkişaf Fondu və Mərkəzi Bankın təşkil etdiyi layihədə bizim gənclərdən Murad Hacıyev iştirak etdi, ikinci yerə və 1000 manat mükafata layiq görüldü. Onun layihədə iştirak etməsi üçün ona daim yaxşı mənada təzyiq etdim, dəstəklədim. Gənclər çox nadir hallarda könüllü olaraq müsabiqələrə qoşulurlar.
- Bu nədən irəli gəlir?
-Ümidsizlik, inamsızlıq hiss olunur. Murad da çox ümidsiz idi. İştirak etmək istəmirdi. Onun məqaləsini müzakirə etdik, disskusiyalar apardıq və nəticəsi göz qabağındadır. Belə nəticələr təbii ki, gənclərdə yaxşı mənada inam yaradır.
- İqisadiyyat İnstitutunun 60 illiyi ilə bağlı Gənc Alimlər Şurası monaqrafiya hazırlamağı və dərc etməyi planlaşdırmışdı. Bu proses hansı mərhələdədir?
- 3 ay ərzində, çətinliklə də olsa, 26-27 məqalə yığmışıq. Onları sistemləşdirib tezliklə İnstitutun rəhbərliyinə, sonra isə çapa təqdim etməyi planlaşdırırıq.
- Bilirsiniz ki, tezliklə İnstitutda elmi vəzifələrin tutulması üçün müsabiqə keçiriləcək. İstərdim ki, bu müsabiqəyə münasibətinizi bildirəsiniz.
- Hesab edirəm ki, İnstitutumuzun direktoru, professor Nazim Müzəffərli bu sahədə demokratik bir addım atdı. İlk dəfədir ki, hər bir əməkdaş hansı yerə iddialıdırsa, ora da sənədlərini verə bilər.
- Necə düşünürsünüz, iddialı olduqları yerə sənəd verən olacaq, məsələn, şöbə müdirliyinə?
- Düşünürəm ki, bir nəfərin yalnız bir yerə namizədliyini sürə bilməsi prinsipi iddialı əməkdaşların qarşısına sədd çəkdi. Məncə, bu riskə getməkdən öncə yaxşı-yaxşı düşünməyə dəyər... Amma onu da qeyd etməliyəm ki, bu müsabiqə İnstitutumuzda gəncləşmə, yeniləşmə aparmağın bir yoludur və dəstəyə layiqdir.
- Gənc Alimlər Şurası ənənəvi olaraq hər il iyunun 1-də uşaq evini ziyarət edir, kimsəsiz uşaqlara ildə bir dəfə də olsa öz qayğısını, sevgisini bildirir. Yəqin ki, bu il də uşaqları ziyarət edəcəksiniz?
- Bizim bir az dəstəyə ehtiyacımız var. İnşallah, kollektivin dəstəyi ilə bu tədbiri də həyata keçirəcəyik.
- Ramil müəllim, Gənc Alimlər Şurasının sədri olaraq həyata keçirmək istədiyiniz hansısa bir perspektiv planınız varmı ki, onu hələ də reallaşdıra bilməmisiniz?
- Həmişə çalışmışam real işləyən Türk İqtisadçılar Cəmiyyətini yaradım. Bu mənim arzumdur. Hesab edirəm ki, Azərbaycanın daha məqsədyönlü iqtisadi inkişaf yolu türk dünyasının birgə fəaliyyətindən asılıdır. Bir azərbaycanlı kimi bunun üçün əlimdən gələni etdim, çox çalışdım, can atdım, lakin tək mənim görə biləcəyim bir iş olmadığı üçün çəkildim qırağa. Artıq buna bənzər cəmiyyət yaranıb, amma yalnız kağız üzərində, heç bir fəaliyyəti yoxdur.
- Gənc Alimlər Şurasının üzvləri eyni zamanda institutumuzun futbol komandasında təmsil olunur. İqtisadiyyat İnstitutunun futbol yarışlarına qoşulması təşəbbüsü kimdən gəldi?
- Mən eşidəndə ki, AMEA-da institutlar arasında futbol yarışı elan olunub, elə gənclərimizə bir növ stimul yaratmaq məqsədilə futbol komandası yaratmaq qərarına gəldim. Komandanın yaradılmasının təşəbbüskarı mən olmuşam.
- Yəqin ki, komandanı yaradanda çox çətinliklər çəkdiniz?
- economics.com.az saytının baş redaktoru Mahir Zeynalov da bu prosesdə yaxından iştirak edib. Qapı-qapı, otaq-otaq gəzib komandaya üzv axtarmışıq, bir sıra problemlərlə üzləşmişik. İlk mərhələlərdə 4-5 nəfərlə oyuna çıxmışıq, yenə də ruhdan düşməmişik. Zaman keçdikcə güclənmişik. Əvvəllər heç qrup mərhələsini keçə bilmirdik. Bu yaxınlarda yekunlaşan sonuncu çempionatda isə 3-cü yerin qalibi olmaqla bürünc medal qazandıq.
- Hansı komandanı özünüzə güclü rəqib hesab edirdiniz?
- Ən güclü rəqibimiz Fizika İnstitutunun komandasıdır. 3 ildir ki, birinciliyi qazanan komandadır.Yarımfinalda onlarla yarışdıq və məğlub olduq. Çox ümid edirdik ki, onlarla finalda görüşək, lakin püşkatmada yarımfinal rəqibimiz Fizika İnstitutu oldu. Keçən il 4-cü yer tutmuşduq, bu il isə 3-cü yerə çıxdıq.
- Gələcəkdə digər formatlarda yarışlar keçirmək planı varmı? Məsələn, 30-a yaxın gənc alimlərimiz var. Onları 2 komandaya bölməklə aralarında bilik yarışı təşkil etmək olar. Məncə, bu yarışlar gənclərimiz üçün daha maraqlı və əhəmiyyətli olardı.
- Mən bu yarışların özünü doğruldacağına inanmıram. Bunu təcrübə göstərir. Bu yaxınlarda şahmat yarışları keçirdik.İnandırım sizi ki, iştirakçıların əksəriyyətini nisbətən yaşlı nəsil təşkil edirdi.
- Bəs gənclər?
- Gənclərin hər biri öz prioritetləri, hədəfləri arxasınca gedir: dərs deyən kim, məqalə yazan kim, digər sosial problemlərin həlli dalınca qaçan kim... Əgər futbola vaxt tapırıqsa, bu özü də bir qəhrəmanlıqdır. Gəncləri bir yerə yığmaq çox çətindir.
- Sizə bu çətin işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq! Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni qələmə aldı: Mətanət Abdalova