“Milli gəlirin qeyri-bərabər bölgüsü və onun tənzimlənməsinin fiskal mexanizmi” mövzusunda dissertasiya işi müdafiə edildi
- Oxunub 1017 dəfə
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov: “İqtisadiyyat İnstitutunda işgüzar, peşəkar elmi mihit formalaşıb”
İyunun 5-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. İqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutuan iclasda Kazımov Fail Mail oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Milli gəlirin qeyri-bərabər bölgüsü və onun tənzimlənməsinin fiskal mexanizmi” mövzusunda dissertasiya işi müzakirə olundu (elmi rəhbər i.e.d., prof. İ.Kərimli). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra F.Kazımov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. İsa Alıyev və i.f.d. Asiman Quliyev mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutudur.
İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı F.Kazımov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Çox güniş müzakirələrdən sonra F.Kazımovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.
Səsvermədən sonra iclasda iştirak edən AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov AMEA İqtisadiyyat İnstitutunda dissertasiya işlərinin müdafiəsinin yüksək səviyyədə təşkil olunduğunu, Dissertasiya Şurasının işinin müasir tələblərə uyğun qurulduğunu, maraqlı və aktual elmi mövzuların müzakirə olunaraq müdafiə edildiyini bildiridi: “Burada elmi müzakirələr qızğın və maraqlı keçir. İqtisadiyyat İnstitutunda işgüzar, peşəkar elmi mihitin formalaşmasının nəticəsidir ki, bu gün Dissertasiya Şurasında klassik mənada elmi işin müdafiəsinin şahidi olduq. Rahat və işgüzar mühit var, Şuranın üzvləri də peşəkar şəkildə prinsipial olaraq müzakirələr aparırlar. Dissertasiya Şurası həm də iqtisadiyyat sahəsində müxtəlif elmi mövzuların müzakirəsi baxımından iqtisadçılar üçün yaxşı, faydalı bir platformadır” (economics.com.az).
Avtoreferat və dissertasiya ilə aşağıdakı linkləri yükləməlkə tanış olmaq olar
Avtoreferat “Milli gəlirin qeyri-bərabər bölgüsü və onun tənzimlənməsinin fiskal mexanizmi”
Dissertasiya “Milli gəlirin qeyri-bərabər bölgüsü və onun tənzimlənməsinin fiskal mexanizmi”