Azərbaycan Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerə yüksəldi
- Oxunub 1198 dəfə
Dünya Bankı özünün “Doing Business 2019” hesabatını açıqlayıb. Azərbaycan Dünya Bankının qiymətləndirmələrinə əsasən həmin hesabatda 32 pillə irəliyərək 25-ci yerə yüksəlib, ötən il 57-ci yerdəydik. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir. Belə ki, Qazaxstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci yerdədir. Hətta əvvəlki illə müqayisədə Qazaxıstan 8, Rusiya 4, Belarus 1, Qırğızıstan 7, Ukrayna 5, Özbəkistan 2, Tacikistan isə 3 pillə geriləyib. Qonşu Gürcüstan reytinqdə 6-cı yerdədir.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin yaxşılaşmasına imkan verib. Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabata əsasən ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.
Həyata keçirilən islahatların nəticəsi olaraq ölkəmiz 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib. Ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.
Qeyd etmək lazımdır ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir
Mahir Zeynalov (economics.com.az).