Dissertasiya işlərinin kefiyyətinə qoyulan tələblər gücləndiriləcək
- Oxunub 799 dəfə
Professor Tofiq Hüseynov: “Məqsəd diplom paylamaq olmamalıdır”
Noyabrın 27-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.
Öncə prof. N.Müzəffərli Elmi Şuranın adından İnstitutun şöbə müdiri, i.e.d., professor İsa Alıyevi 65 illik yubileyi münasibətilə təbrik etdi, ona elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzuladı. Prof. İ.Aliyev təbrikə və ona göstərilən diqqətə görə öz minnətdarlığını bildirdi.
İclasda AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilən və ya müdafiəyə təqdim edilən dissertasiyaların keyfiyyətinin yüksəldilməsi haqqında i.e.d., professor Tofiq Hüseynovun məruzəsi dinlənildi. O bildirdi ki, bir sıra hallarda müdafiəyə təqdim olunan dissertasiya işləri kefiyyət baxımından müasir tələblərə cavab vermir, Ali Attestasiya Komissiyasının qaydalarına uyğun yazılmır, iddiaçıların özlərinin müdafiəyə hazırlıq səviyyəsi qənaətbəxş olmur və s. Bəzən şöbələrdə müzakirələrə və verilən rəylərə ciddi yanaşılmır. Dissertantlar işin aktuallığını yetərincə əsaslandıra bilmirlər, yeniliklər ümumi xarakter daşıyır, iddiaçıya qədər Azərbaycan alimlərinin bu sahədə apardıqları tədqiqatlar araşdırılmır və onlara münasibət bildirilmir. Məqsəd diplom paylamaq olmamalıdır. Ona görə də, iqtisadçılar Azərbaycan iqtisad elminin inkişafı naminə dissertasiya işlərinin kefiyyətinə daha ciddi yanaşmalıdılar, təqdim olunan işin bütün müzakirə mərhələləri prinsipial və obyektiv yanaşma əsasında keçirilməli, iddiaçı tamamlanmış bir tədqiqat əsəri ilə müdafiəyə hazırlanmalıdır.
Sonra məruzə ətrafında geniş müzakirələr aparıldı, dissertasiya işlərinin şöbələrdə və elmi seminarda müzakirəsi qaydaları üzrə tələblərin gücləndirilməsi, məsuliyyətin artırılması, prof. Tofiq Hüseynovun və prof. Tərbiz Əliyevin bununla bağlı konkret təkliflər hazırlayıb Elmi Şuraya təqdim etmələri qərara alındı.
İclasda bu il oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində keçirilmiş “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları çapa tövsiyyə olundu.
Toplantıda bu il 21 iyun – 2 iyul tarixlərində AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üzrə keçirilmiş müsabiqədə üzürlü səbəblərdən iştirak etməyənlər üçün yeni müsabiqənin keçirilməsi qərara alındı.
Elmi Şurada İnstitutun elmi katibi i.f.d., dos. Rəsmiyyə Abdullayevanın təqdimatı əsasında gizli səsvermə yolu ilə “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Məzəddin Əyyubova və “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Gülnar Səmədovaya dosent elmi adının verilməsi barəsində də qərar qəbul edildi (economics.com.az).