AMEA-da institutların ictimaiyyətlə əlaqələr şöbələrinın hesabatları dinlənilib
- Oxunub 995 dəfə
Yanvarın 11-də AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabat iclası keçirilib. AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsi tərəfindən təşkil olunan tədbirdə idarə rəisi Zülfüqar Fərzəliyev hesabat ili ərzində elmin populyarlaşdırılması və təbliğində kütləvi informasiya vasitələrinin (KİV) rolunun artırılması, bu sahədə mövcud problemlərin həlli, bilik və təcrübə mübadiləsinin aparılması və s. istiqamətdə görülən tədbirlərin əhəmiyyətini qeyd edib. Z.Fərzəliyev respublika mətbuatında və elektron mediada xüsusən də elmi-populyar məqalələrin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılmasının elmin kütləviləşdirilməsində başlıca şərtlərdən olduğunu deyərək, AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrini bu istiqamətdə fəaliyyəti gücləndirməyə çağırıb.
Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ictimaiyyətlə əlaqələr şöbələrinin yerli və xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, mediada elmi mövzuda müxtəlif səpkili materialların vüsət alması, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə toxunub. Rəis müavini hər bir institutun müvafiq şöbəsi ilə dövlət və qeyri-dövlət qurumlarının mətbuat xidmətləri arasında əməkdaşlıq münasibətlərinin yaradılması və birgə layihələrin həyata keçirilməsinin əhmiyyətindən də bəhs edərək, onları bu işdə fəal olmağa çağırıb.
Sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri 2018-ci il ərzində həyata keçirilən tədbirlər, KİV ilə aparılan işlər və s. haqqında hesabatlarını təqdim ediblər. AMEA İqtisadiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə qarşılıqlı maraq doğuran məsələlər, təkliflər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb, elmin populyarlaşdırılması istiqamətində görülən işlərin daha da gücləndirilməsi tövsiyə olunub.