AMEA İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına maraq artıb
- Oxunub 1124 dəfə
AMEA İctimai Elmlər Bölməsinə daxil olan İnstitutlar arasında 2017-2018-ci tədris ilində fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya müraciət edən namizədlərin sayına və elmlər doktoru hazırlığı üzrə qəbuldakı rəqabətə görə İqtisadiyyat İnstitutu birinci yerdədir
AMEA İqtisadiyyat İnstitutunun 2018-ci il üçün doktorantura və dissertanturasına qəbul üzrə imtahan və müsabiqə keçiriləcək
Yanvarın 16-da fəlsəfə doktoru üzrə dissertanturaya, yanvarın 17-də isə elmlər doktoru proqramı üzrə dissertanturaya müsabiqə olacaq. Yanvarın 18-də isə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənni üzrə, test üsulu ilə qəbul imtahanı keçiriləcək. Həm müsabiqələrin, həm də imtahanın nəticələri dərhal açıqlanacaq. İmtahanların keçirilməsi üçün İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə imtahan komissiyası yaradılıb.
Bu barədə economics.com.az saytına məlumat verən AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, dos. Gülsurə Mehdiyeva bildirib ki, builki qəbulda AMEA İqtisadiyyat İnstitutuna elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılmış 8 yerə qarşı 10 nəfər, fəlsəfə doktoru üzrə dissertanturaya 7 yerə qarşı 11 nəfər, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 5 yerə qarşı 10 nəfər sənəd verib.
AMEA İqtisadiyyat İnstitutunun gənc əməkdaşı Günəş Nəbiyeva AMEA İctimai Elmlər Bölməsinin tərkibinə daxil olan institutlar üzrə doktoranturaya və dissertanturaya ayrılmış yerlər və sənəd qəbulu ilə bağlı maraqlı araşdırma aparıb. AMEA İctimai Elmlər Bölməsinin tərkibinə 8 elmi tədqiqat institutu və 1 muzey daxildir: A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə İnstitutu, İqtisadiyyat İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi. Bölməyə aid institutlarda 2017-2018-ci tədris ilində doktoranturaya və dissertanturaya qəbul üçün müraciət edən namizədlərin ümumi sayı araşdırılmış və nəticələr İqtisadiyyat İnstitutunun bu sahədəki göstəriciləri ilə müqayisə olunmuşdur. Qeyd edək ki, yalnız Milli Azərbaycan Tarixi Muzeyindən bu barədə tam informasiya almaq mümkün olmamışdır.
AMEA-nın İctimai Elmlər Bölməsinin tərkibində olan bütün institutlarda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 26 yer ayrılmış və bu yerlərə 46 nəfər sənəd təqdim edib. Dissertanturaya isə müvafiq olaraq 42 yer ayrılmış və 58 nəfər müraciət etmişdir. Ümumilikdə 68 yerə 104 nəfər sənəd vermişdir.
Elmlər doktoru hazırlığı üçün doktoranturaya 6 yer ayrılmış və bura 11 nəfər müraciət etmişdir. Dissertanturaya 27 yer ayrılmış, 38 nəfər sənəd vermişdir. Ümumilikdə elmlər doktoru hazırlığı üzrə ayrılmış yerlərin sayı 33, sənəd verənlərin sayı isə 49 nəfər olmuşdur. Cədvəldən göründüyü kimi, İctimai Elmlər Bölməsinə daxil olan institutlar arasında fəlsəfə doktoru hazırlığı üzrə ən çox İqtisadiyyat İnstitutuna, elmlər doktoru hazırlığı üzrə isə ən çox Tarix İnstitutuna müraciət edilmişdir.
Fəlsəfə doktoru hazırlığı üzrə verilən bütün sənədlərin 31,7%-i İqtisadiyyat İnstitutunun, 20,2%-i Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, 14,4%-i Hüquq və İnsan Haqları İnstitutunun, 14,4%-i Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, 10,6%-i Fəlsəfə İnstitutunun, 6,7%-i Arxeologiya və Etnoqrafiya İnstitutunun, 1%-i Elm Tarixi İnstitutunun, 1%-i isə Qafqazşünaslıq İnstitutunun payına düşür.
Elmlər doktoru hazırlığı üzrə verilmiş sənədlərin 32,7%-i Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, 20,4%-i İqtisadiyyat İnstitutunun,16,3%-i Fəlsəfə İnstitutunun, 14,3%-i Hüquq və İnsan Haqları İnstitutunun, 10,2%-i Arxeologiya və Etnoqrafiya İnstitutunun, 6,1%-i isə Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun payına düşür.
İqtisadiyyat İnstitutu 2017-2018-ci tədris ilində fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya müraciət edən namizədlərin sayına görə üstünlük təşkil etmişdir. Elmlər doktoru hazırlığı üzrə isə yalnız Tarix İnstitundan geri qalmışdır. Bu isə AMEA İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına marağın artdığını, qəbul prosesində də daha yüksək rəqabətin olduğunu göstərir.
Sənəd verənlərin ayrılmış yerlərə olan nisbətinə və ya qəbulda rəqabət səviyyəsinə görə AMEA-nın İctimai Elmlər bölməsinin İnstitutları arasında İqtisadiyyat İnstitutu elmlər doktoru hazırlığı üzrə digər institutlardan öndədir. Yəni, bu sahədə İqtisadiyyat İnstitutunda qəbul prosesində rəqabət daha güclüdür. Lakin fəlsəfə doktoru hazırlığı üzrə yalnız Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutundan geri qalır. Belə ki, İqtisadiyyat İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura bölməsinə sənəd verənlərin ayrılmış yerlərə olan nisbəti Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu ilə eyni olmuşdur. Dissertantura bölməsində isə İqtisadiyyat İnstitutunda sənəd verənlərin ayrılmış yerlərə olan nisbəti 1,4, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda isə 1,5 olmuşdur. Ümumilikdə isə rəqabət göstəricisi İqtisadiyyat İnstitutunda 1,8, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda isə 1,9 olmuşdur.
Elmlər doktoru hazırlığı üzrə isə institutumuzun rəqabət göstəricisi ümumilikdə 2, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda 1,8, Hüquq və İnsan Haqları İnstitutunda 1,8, Fəlsəfə İnstitutunda 1,6, Arxeologiya və Etnoqrafiya İnstitutunda 1,3, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda isə 1 olmuşdur.
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura üçün ayrılmış 5 yerə12 nəfər sənəd versə də, 4 nəfər qəbul olmuş və 1 yer boş qalmışdır. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura üçün ayrılmış 3 yerə 3 nəfər sənəd versə də, 2 nəfər qəbul olmuş və 1 yer boş qalmışdır. Fəlsəfə İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura üçün ayrılmış 4 yerə 5 nəfər qəbul olmuş və əlavə 1 yer istənilmişdir. Elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya ayrılmış 3 yerə 5 nəfər qəbul olmuş, əlavə 2 yer istənilmişdir (economics.com.az).