Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun professorları öz maaşlarından gənc tədqiqatçılara fərdi təqaüd verir

  • Oxunub 822 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun daha bir elmi işçisi - İsgəndər Babazadə İnstitutun “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”çüsü oldu. Fevralın 1-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) təqdimatı əsasında bununla bağlı müvafiq qərar qəbul olunub. AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev öz maaşından 1 il müddətinə hər ay gənc tədqiqatçıya 100 manat məbləğində fərdi təqaüd verəcək.

 Qeyd edək ki, bir qədər əvvəl AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev gənc tədqiqatçılar üçün adsız fərdi təqaüdlərin verilməsi təşəbbüsü ilə çıxış edib və bu ideya bəyənilib. İqtisadiyyat İnstitutunun Elmi Şurası “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsini də təsdiq edib. Qaydalara əsasən təqaüd İnstitutun direktorunun, AMEA-nın iqtisadiyyat üzrə həqiqi və müxbir üzvlərinin əmək haqqı hesabına könüllü formada maliyyələşdirilir. Bir şəxs, bir qayda olaraq, 1 (bir) adsız Fərdi Təqaüdü maliyyələşdirir. Təqaüdün məbləği onu maliyyələşdirən şəxs tərəfindən müəyyənləşdirilir və 1 il ərzində hər ay verilir. Təqaüd onu verən şəxsin əmək haqqı hesabından onu alanın əmək haqqı hesabına köçürülür. Təqaüd AMEA İqtisadiyyat İnstitutunun yaşı 30-a qədər olan tədqiqatçılarına əldə etdikləri nailiyyətlər əsasında verilir. Təqaüd onu maliyyələşdirən şəxsin bilavasitə tabeçiliyində işləyənlərə, yaxud elmi rəhbəri olduğu əməkdaşlara verilmir. Təqaüdə namizəd direktor tərəfindən irəli sürülür və bu barədə qərar Elmi Şura tərəfindən sadə səs çoxluğu ilə qəbul olunur.

AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi İlqar Sadıqov İnstitutun ilk “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”çüsüdür. Yanvarın 11-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) təqdimatı əsasında bununla bağlı müvafiq qərar qəbul olunub. Professor Nazim Müzəffərli öz maaşından 1 il müddətinə hər ay gənc tədqiqatçıya 100 manat məbləğində fərdi təqaüd verir (economics.com.az).