AMEA İqtisadiyyat İnstitutunda “İqtisadi islahatlar: elmi potensialın imkanları” mövzusunda elmi müzakirə keçirilib
- Oxunub 1153 dəfə
Fevralın 5-də AMEA İqtisadiyyat İnstitutunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə birlikdə “İqtisadi islahatlar: elmi potensialın imkanları” mövzusunda keçirilmiş elmi müzakirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar geniş müzakirə olunub.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inkişafın müasir mərhələsində apardığı islahatların uğurla davam və inkişaf etdirilməsinin ölkəmizdə gedən müasirləşmə və sürətli dirçəliş proseslərindəki rolu və əhəmiyyətindən bəhs etmiş, bu istiqamətdə elmin qarşısında duran vəzifələri diqqət mərkəzinə çəkmişdir. Akademik qeyd edib ki, regionun lider dövləti olan Azərbaycanın iqtisadi uğurları Davos İqtisadi Forumundakı müzakirələrdə, eləcə də beynəlxalq ekspertlər və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilib. Ölkədə aparılan islahatlarla bağlı iqtisad elminin də üzərinə mühüm vəzifələr düşdüyünü deyən İ.Həbibbəyli AMEA İqtisadiyyat İnstitutunun dövlət proqramlarının və strateji yol xəritələrinin hazırlanmasında bilavasitə yaxından iştirak etdiyini vurğulayıb. Akademik son illərdə İqtisadiyyat İnstitutunun fəaliyyətində müşahidə olunan yenilikləri, gənclərin elmə cəlb olunmasını, yerinə yetirilən tədqiqatları yüksək qiymətləndirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, 2015-ci ilə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında üç dəfədən çox böyümüş iqtisadiyyatı – xarici şokları dəf etməklə – yenidən davamlı inkişaf xəttinə çıxarmaq tarixi bir missiya idi və cənab Prezident bu missiyanı uğurla həyata keçirdi: “Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Strateji yol xəritələrinə uyğun olaraq: 2016-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşdı və sabitləşdi; 2017-ci ilin sonundan başlayaraq və 2018-ci ildə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti bərpa edildi; 2019-2020-ci illər isə iqtisadi artımın daha yüksək pilləyə çıxması, yeni büdcə qaydaları şəraitində rəqabət qabiliyyətinin artırılması və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın daha da dərinləşməsi dövrü olacaqdır. Dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, aparılan islahatlar sayəsində, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir.”
V.Qasımlının sözlərinə görə, yeni iqtisadi modelə keçidin yekunlaşması Azərbaycan iqtisadiyyatına yeni perspektivlər vəd edir. Bu ərəfədə iqtisad elminin potensialını səfərbər etmək və ölkədə aparılan iqtisadi siyasətə mümkün qədər daha dərindən cəlb etmək olduqca əhəmiyyətlidir. İİTKM öz nizamnamə vəzifələrinə uyğun olaraq islahatların təhlili və kommunikasiyasında ölkənin iqtisadçı-alimləri ilə sıx əməkdaşlıq edir.
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli bildirib ki, elmi-tədqiqat institutları ilə dövlət orqanlarının birlikdə konfranslar, elmi seminarlar, elmi-praktik müzakirələr keçirməsi həm ölkədə aparılan islahatların elmi təminatı, həm də elmi potensialdan daha səmərəli istifadə olunması baxımından əhəmiyyətlidir. O qeyd edib ki, Strateji yol xəritələrində qoyulmuş vəzifələri əsas tutaraq, 2017-2018-ci illərdə İnstitut Azərbaycanda post-neft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi istiqamətində kompleks elmi-tədqiqat işi yerinə yetirib. İnstitutun özünün hazırlayıb beynəlxalq ekspert icmasına təqdim etdiyi metodologiya əsasında 6 sektor üzrə (sektordan asılı olaraq – 60-92 ölkə üzrə) qiymətləndirmə aparılıb və müəyyən olunub ki, bir qayda olaraq, təhsil və səhiyyə sistemlərinin tənzimlənməsi dirijist prinsiplərin üstünlüyünə, elmin, xarici ticarətin, turizmin və pensiya sisteminin tənzimlənməsi isə liberal prinsiplərin üstünlüyünə əsaslandıqda bu sektorlar daha effektiv inkişaf edir. 2019-2021-ci illərdə İqtisadiyyat İnstitutu “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” mövzusunda tədqiqatlar aparmağı nəzərdə tutur. Məqsəd – Azərbaycanda aparılan iqtisadi islahatların effektivliyinin daha da artırılmasına, mütəvazi də olsa, töhfə verməkdir.
Daha sonra AMEA İqtisadiyyat İnstitutunun dissertantı, İİTKM-in analitiki Nərmin Kazımlı kompleks biznes islahatları çərçivəsində atılan mühüm addımlar barədə təqdimatla çıxış edib. O, ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinə şərait yaradan yeniliklər, o cümlədən tikintiyə icazə verilməsinin yeni qaydaları, dövlət satınalmaları sahəsində həyata keçirilən yeniliklər, vahid satınalma portalının yaradılması istiqamətində görülən işlər, elektron məhkəmə, hüquqi şəxslərin dövlət qeydiyyatının bir prosedurla həyata keçirilməsi, online vahid ixrac ərizəsi və yaşıl dəhliz ilə bağlı ətraflı məlumat verib.
Yekunda qeyd edilib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən dərin iqtisadi islahatlar müstəqilliyimizin möhkəmlənməsinə, iqtisadiyyatımızın inkişafına və əhalinin sosial rifahının yaxşılaşmasına töhfə verməklə yanaşı, elmi potensialın da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin reallaşmasında və innovativ inkişafın təmin edilməsində Azərbaycan iqtisadiyyat məktəbi həmişə yaxından iştirak etmişdir və gələcəkdə də edəcəkdir (economics.com.az).
Tədbir KİV-də geniş işıqlandırılıb
http://www.science.gov.az:AMEA-da “İqtisadi islahatlar: elm potensialının imkanları” mövzusunda tədbir keçirilib
azertag.az: “İqtisadi islahatlar: elm potensialının imkanları” mövzusunda müzakirələr aparılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi: “İqtisadi islahatlar: Elm potensialının imkanları” mövzusunda konfrans keçirilib
fins.az: İqtisadi islahatlar: Elm potensialının imkanları-Konfrans
“İqtisadi islahatlar: Elm potensialının imkanları” mövzusunda konfrans AzTV-nin efirində: Elm potensialının imkanları” mövzusunda konfrans AzTV-nin efirində
"İqtisadi İslahatlar: Elm potensialının imkanları" mövzusunda konfrans CBC TV kanalında
"İqtisadi İslahatlar: Elm potensialının imkanları" mövzusunda konfrans İctimai TV-də
"İqtisadi İslahatlar: Elm potensialının imkanları" mövzusunda konfrans Lider TV-də