Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Akademik Asəf Nadirovun 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək

  • Oxunub 957 dəfə

 Görkəmli iqtisadçı alim, akademik Asəf Nadirovun 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Bununla bağlı AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarına əsasən, institutun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə AMEA-nın müxbir üzvü, i.e.d., prof. Şahbaz Muradov, AMEA-nın müxbir üzvü, i.e.d., prof. Əli Nuriyev, i.e.d., prof. Rəna Sultanova, i.f.d., dos. Pərviz Həsənov və Tanrıverdi Paşa daxildir. İqtisadiyyat İnstitutunun Elmi Şurası AMEA İctimai Elmlər Bölməsinə müraciət edib ki, yubiley tədbirlərinin keçirilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırsın.

 AMEA-nın həqiqi üzvü Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsini bitirmişdir. A.Nadirov 1956-cı ildə SSRİ EA Coğrafiya İnstitutunda “Na­xçıvan MSSR: İqtisadi-coğrafi səciyyəsi” mövzusunda dissertasiya müdafiə etmişdir. 50-ci illərin axırları və 60-cı illərdə apardığı gərgin elmi tədqiqat işlərinin nəticəsi olaraq, A.Nadirov 1968-ci ildə “Azərbaycanda səna­yenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1970-ci ildə professor elmi dərəcəsinə yüksəlmiş, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

  A.Nadirov 1958-1992-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda şöbə mudiri, 1964-1981-ci illərdə həmin institutda elmi işlər üzrə direktor müavini, 1981-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, Azərbaycan EA İqtisadiyyat İnstitutunun nəzdindəki ixtisaslaşmış müdafiə şurasının sədr müavini (1980-1989) və (1990-1998) sədri olmuşdur. Akademikin rəhbərliyi ilə 50-dən çox elmlər namizədi və 6 elmlər doktoru hazırlanmışdır.

 A.Nadirovun yaradıcılığının ana xəttini sənayenin inkişafı, onun quruluşunun təkmilləşdirilməsi və səmərəli yerləşdirilməsi problemləri təşkil edir. O, ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün respublikada geniş təbii imkanların, əhalinin böyük istehsal təcrübəsinin və tarixi ənənələrinin mövcud olduğunu əsaslandırmışdır. Azərbaycanda qənd istehsalının yaradılması ideyasını da ilk dəfə o irəli sürmüş və bunun heyvandarlığın yem bazasının möhkəmlənməsi sahəsində də mühüm rol oynaya biləcəyini qeyd etmişdir.

 A.Nadirov 800-dən çox elmi əsərin, o cümlədən “Sosialist istehsalının yerləşdirilməsi” (Bakı, 1965), “Azərbaycan şəhərlərinin iqtisadi inkişaf məsələləri” (Bakı,1966), “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” (Bakı, 1976), “Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri” (Bakı, 2001), “Azərbaycan iqtisadiyyatı” (Bakı, 2003) və s. kitabların müəllifidir. Akademik uzun illər həm keçmiş İttifaq respublikalarında, həm də bir çox xarici ölkələrdə (Fransa, Hindistan, Turkiyə, İran, Al­maniya, Yunanıstan, Macarıstan, Belçika və s.) keçirilən beynəlxalq simpozium və elmi konfranslarda Azərbaycan iqtisad elmini layiqincə təmsil etmişdir. A.Nadirovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şərəf” və “Şöhrət” ordenlərinə, bir çox medallara, fəxri fərmanlara layiq görülmüşdür.

 Akademik Asəf Nadirov 2014-cü il martın 14-də Bakı şəhərində vəfat etmişdir (economics.com.az).