AMEA-nın elmi nəşrlərinin fəaliyyətinin təkmilləşdirilməsi problemləri müzakirə olunub
- Oxunub 1071 dəfə
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun elmi jurnallarının məsul şəxsləri də iştirak ediblər
Fevralın 19-da AMEA-da AMEA-nın Elmi Nəşriyyat Şurasının genişləndirilmiş iclasında Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli “AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında” qərarının icrası ilə bağlı həyata keçiriləcək tədbirlər müzakirə olunub. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, eləcə də akademiyada nəşr olunan jurnalların baş redaktorları və məsul katibləri, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun “Elmi əsərlər” jurnalının baş redaktorun müavini, f.f.d., dos. Mayis Gülalıyev və məsul katibi Gülnarə Məmmədova, “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının məsul katibi, i.f.d., dos. Yaşar Məmmədov da iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik Akif Əlizadə elmi jurnalların nəşrinin Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin ölkəmizin müasir inkişaf səviyyəsi və potensialı haqqında məlumatların dünyaya çatdırılması baxımından önəmini vurğulayıb. O, AMEA-da elmi jurnalların keyfiyyətinin artırılması məsələsinin son illərdə Rəyasət Heyəti tərəfindən diqqət mərkəzində saxlanıldığını bildirib. AMEA rəhbəri bu məqsədlə Elmi Nəşriyyat Şurasının tərkibinin yeniləndiyini, akademiyada elmi nəşrlərin təkmilləşdirilməsi ilə bağlı xüsusi təkliflərin hazırlandığını qeyd edib. AMEA-da 50-ə yaxın jurnalın dərc olunduğunu deyən A.Əlizadə nəşrlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb, onların “Web of Science”, “Scopus” kimi beynəlxalq səviyyəli bazalar tərəfindən qəbul edilməsi istiqamətində işlərin görülməsinin əhəmiyyətini qeyd edib.
Sonra Elmi Nəşriyyat Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademiyada çap olunan elmi jurnalların monitorinqinin nəticələrini təqdim edib. M.Mərdanov akademiyada işıq üzü görən 4 nəşrin “Web of Science” platformasına, “AMEA-nın Xəbərləri jurnalının riyaziyyat buraxılışı”nın isə “Scopus” elmi bazasına daxil olduğunu bildirib. Bundan əlavə, AMEA-nın 25 elmi jurnalının əsas tələblərə cavab verdiyini və nüfuzlu beynəlxalq elmi bazalara daxil olmaq üçün zəruri potensiala malik olduğunu diqqətə çatdırıb.
Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, akademik Nazim Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, f.f.d.,dos. Mayis Gülalıyev və digərləri çıxış edərək bu sahədə mövcud problemlərdən danışıb, təkliflərini səsləndiriblər. Çıxış edənlər elmi jurnalların müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd ediblər.