"Uşaqların təhlükəsizliyi - bizim məsuliyyətimiz"
- Oxunub 1012 dəfə
1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
Martın 1-də AMEA İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş "Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimiz" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə 26 Fevral Xocalı Soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edildi.
İnstitutun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev mülki müdafiyənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi barədə danışdı.
İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Anar Babayev Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verdi: “Ümumdünya Mülki Müdafiə Günü 1972-ci ilin 1 mart tarixində Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə keçirilir. Günün keçirilməsi əhalinin mühafizəsini təşkil etməyin, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının təmin edilməsinin mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə olduğunu subut edir. Eyni zamanda Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi keçirilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub və həmin gündən bu yana hər il təşkil olunan tədbirlərlə yaxından iştirak edir. Azərbaycanda mülki müdafiəyə diqqət, məhz bu təşkilata qatıldıqdan sonra daha da artıb. Bütün sahələrdə olduğu kimi, əhalinin və
mülkiyyətin müdafiəsi yolunda da böyük işlər görülüb. Fövqəladə Hallar Nazirliyi yarandığı gündən etibarən əhalinin və ərazilərin təbii və texnogen hallardan, mülki müdafiə, mümkün terror hadisələrindən qorunması, digər xoşagəlməz hallarda təhlükəsizliyin təmin olunması və nəticələrinin aradan qaldırılması yolunda mühüm işlər görülür. Xalqın təhlükəsizliyinin təmini və fövqəladə halların nəticələrin aradan qaldırılması üçün nazirlik lazımı sayda ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr və cihazlarla təmin edilib Görülən bütün işlərin kökündə isə yenə də əhalinin təhlükəsiz yaşamaq prinsipi əsas götürülür”.
Digər çıxış edənlər – professor Akif Musayev, prof. Gülşən Yüzbaşıyeva, dos. Gülsurə Mehdiyeva və digərləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, İnstitutun Mülki Müdafiə Qərargahının mülki müdafiyə sahəsində görüdüyü işlərin təqdirəlayiq olduğunu, həyata keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd etdilər, mülki müdafiənin düzgün təşkil olunmasının vacibliyini vurğuladılar.
Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş video-rolik nümayiş etdirildi (economics.com.az).