“İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda seminar keçirilib
- Oxunub 1218 dəfə
Professor Nazim Müzəffərli AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda məruzə ilə çıxış edib
Martın 13-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirilib. Hər iki institutun əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açıb.
Sonra AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) “İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda məruzə ilə çıxış edib. İqtisadçı-alim iqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin əhəmiyyəti, bunun tərəfdarları və əleyhdarlarının arqumentləri, iqtisadi proseslərə yanaşmaları, riyazi üsullardan istifadənin yuxarı və aşağı həddi, nəzəri və praktiki məsələləri barəsində danışıb. Bildirib ki, riyazi üsulların tətbiqi iqtisadi tədqiqatların daha dərindən aparılmasına və daha dəqiq elmi nəticələr alınmasına xidmət edir. Digər tərəfdən, riyazi üsulların ifrat tətbiqi iqtisad elmini reallıqdan uzaqlaşdırır, yanlış elmi nəticələrə və səhv iqtisadi siyasət qərarlarına yol açır.
Professor Nazim Müzəffərli hesab edir ki, iqtisadi tədqiqatlarda riyaziyyatın tətbiqinin yuxarı həddini riyazi üsullarla müəyyənləşdirmək və kəmiyyət göstəriciləri ilə ifadə etmək mümkün deyil. Əsas məhdudiyyətlərdən biri odur ki, formallaşdırma zamanı qaçılmaz olan fərzlərin özü də müəyyən çərçivədə dəyişkəndir. Ona görə də qeyri-səlis məntiqin və intervallar riyaziyyatının tətbiq perspektivi daha böyükdür. İqtisadçı, riyaziyyatçıdan fərqli olaraq, simvolların arxasında real hadisə və prosesləri görə bilməlidir. Riyaziyyat yalnız ora qədər tətbiq edilə bilər ki, bu görüntü itməsin. Riyaziyyat yalnız zəruri olduğu qədər tətbiq edilməlidir.
Alimin fikrincə, iqtisadçının riyazi bilikləri nə qədər azdırsa, yuxarı hədd bir o qədər aşağıdadır. Tarazlıq axtarışı üçün riyaziyyat əvəzedilməzdir, lakin iqtisadi inkişaf – bir çox hallarda – tarazlıq yox, tarazlığın pozulmasıdır. Onun necə, hansı yöndə pozulmalı olduğunu müəyyənləşdirmək riyaziyyatçıların deyil, iqtisadçıların işidir. İqtisadi tədqiqat (xüsusilə tətbiqi araşdırma) riyaziyyatsız aparıldıqda faydası aşağı ola bilər, amma ziyanı da olmaz. İqtisadi nəzəriyyə bilməyən riyaziyyatçının «iqtisadi tədqiqatı» isə, demək olar həmişə, böyük təhlükələrə yol açır.
Professor N.İmanov AMEA İqtisadiyyat İnstitutunda aparılan tədqiqatlar barəsində də danışaraq bildirib ki, 2014-cü ildə İnstitutun təqdim etdiyi metodologiya əsasında dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin səviyyəsi 6 sektor üzrə qiymətləndirilib (sektordan asılı olaraq – 60-92 ölkə üzrə). Müəyyən olunmuşdur ki, bir qayda olaraq, təhsil və səhiyyə sistemlərinin tənzimlənməsi dirijist prinsiplərin üstünlüyünə, elmin, xarici ticarətin, turizmin və pensiya sisteminin tənzimlənməsi isə liberal prinsiplərin üstünlüyünə əsaslandıqda bu sektorlar daha effektiv inkişaf edir. Tədqiqatların məqsədi bütövlükdə iqtisadiyyat üçün hər bir sub-indeks üzrə və ayrı-ayrılıqda hər bir sektor üzrə optimallıq intervallarının tapılmasıdır.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb (economics.com.az).
Prof. Nazim İmanovun təqdimatı ilə aşagıdakı faylı yükləməklə tanış ola bilərsiniz