Elm Gününə həsr olunmuş “İqtisad elmi: nəzəri və tətbiqi tədqiqatların vəhdəti” mövzusunda müzakirələr aparıldı
- Oxunub 941 dəfə
Martın 15-də AMEA İqtisadiyyat İnstitutunda 27 Mart "Elm Günü"nə həsr olunmuş "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda növbəti elmi müzakirələr keçirildi.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli “İqtisad elmi: nəzəri və tətbiqi tədqiqatların vəhdəti” mövzusunda məruzə ilə çıxış etdi. Professor iqtisad elmində nəzəri və tədbiqi tədqiqatlar, onların arasındakı fərqlər və vəhdət təşkil edən amillər, bir-birlərinə bağlılıq, klassik və müasir Rusiya və Qərb alimlərinin məsələyə elmi yanaşmaları, nəzəri və praktiki araşdırmaların müasir iqtisadi inkişafda rolu barədə danışdı.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Çıxış edənlər – AMEA-nın müxbir üzvü, prof. Akif Musayev, AMEA-nın müxbir üzvü, prof. Şahbaz Muradov, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, i.e.d., prof. Ümüdvar Əliyev, prof. Müşfiq Atakişiyev, prof. Tərbiz Əliyev, prof. Rəna Sultanova, i.e.d. Sevda Mikyaılova, dosent Mayis Gülalıyev, i.f.d. Nəsimi Əhmədov, Tanrlverdi Paşa və digərləri iqtisadi tədqiqatların obyekti, metodologiyası; nəzəri, tədbiqi, fundamental tədqiqatlar, tarixən keçdiyi inkişaf yolu, dünya iqtisadiyyatında baş verən böhranlar və yeni nəzəriyyələrin meydana gəlməsi, nəzəri araşdırmaların praktikada tədbiqi barədə mülahizələrini bölüşdülər.
Habelə, iqtisad elminin inkişafı problemləri və onun cəmiyyətin tərəqqisində rolu, əhəmiyyəti, iqtisadiyyatda insan amili, davranış iqtisadiyyatı, dünya iqtisadiyyatında baş verən proseslər, iqtisad elminin və iqtisadçı alimlərin qarşısında duran vəzifələr, ölkəmizdə elmin müasir iqtisadi inkişafdakı rolunun artırılması məsələləri ətrafında maraqlı diskussiya aparıldı (economics.com.az).