Aprelin 14-ü AMEA İqtisadiyyat İnstitutunda “İnstitut Günü” elan olundu
- Oxunub 1147 dəfə
Aprelin 1-də AMEA İqtisadiyyat İnstitutunda 2019-2021-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat plan işlərinin müzakirəsinə həsr olunmuş ümumi yığıncaq keçirildi
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) bildirdi ki, İqtisadiyyat İnstitutu 1958-ci il aprelin 14-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. Bu əsas tutularaq aprelin 14-ü “İnstitut Günü” elan olunur və bununla bağlı direktorun müvafiq əmri imzalanıb. Hər il aprelin 14-ü AMEA İqtisadiyyat İnstitutunda “İnstitut Günü” kimi qeyd olunacaq, müxtəlf tədbirlər keçiriləcək, işində xüsusi fərqlənən əməkdaşlar mükafatlandırılacaqlar.
Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov 2019-2021-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat plan işləri haqqında təqdimatla çıxış etdi. “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda aparılacaq tədqiqatlar barəsində geniş məlumat verdi.
Digər çıxış edənlər – aparıcı elmi işçi Tanrıverdi Paşa, dos. Mayis Gülalıyev, prof. Tofiq Hüseynov, i.f.d. Yaşar Məmmədov və digərləri beynəlxalq müqayisəli reytinqlər və onlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasının əhəmiyyətini, bu sahədə İqtisadiyyat İnstitutunun qarşısında duran vəzifələri, tədqiqatların təkmilləşdirilməsi və baş verən iqtisadi proseslərin başqa ölkələrlə müqayisəli şəkildə elmi baxımdan düzgün qiymətləndirilməsinin vacibliyini qeyd etdilər. Daha sonra elmi-tədqiqat plan işləri ətrafında müzakirələr aparıldı (economics.com.az).