Monteneqro Elmlər və İncəsənət Akademiyasının prezidenti ilə görüş keçirilib
- Oxunub 737 dəfə
Aprelin 2-də AMEA İqtisadiyyat İnstitutunda Monteneqro Elmlər və İncəsənət Akademiyasının (MEİA) prezidenti, professor Draqan Vukçeviç İnstitutun direktoru, professor Nazim Müzəffərli ilə görüşüb.
Görüş zamanı AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri, xüsusilə fundamental-nəzəri araşdırmalarla bağlı geniş fikir mübadiləsi aparılıb. İnstitutun innovativ tədqiqatları, o cümlədən iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsinin qiymətləndirilməsi və post-neft iqtisadiyyatına keçidin astana göstəricilərinin müəyyənləşdirilməsi üzrə araşdırmalar müzakirə edilib və bu tədqiqatların beynəlxalq ekspert icması üçün ciddi əhəmiyyət daşıdığı xüsusi qeyd edilib.
AMEA İqtisadiyyat İnstitutunda aparılan “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illərdə)” mövzusunda kompleks tədqiqat mövzusu ətrafında da diskussiya aparılıb.
Görüşdə Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, Beynəlxalq əlaqələr idarəsinin MDB ölkələri ilə əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov və İqtisadiyyat İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev də iştirak ediblər (economics.com.az).