Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” aksiyası keçirildi

  • Oxunub 722 dəfə

 İyunun 7-də AMEA İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” aksiyası keçirildi. AMEA İqtisadiyyat İnstitutunda təşkil olunan aksiyada Azərbaycan Dövlət İqtisad Universitetini, Bakı Biznes Universitetini, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Bakı Dövlət Universitetini iqtisadiyyat ixtisasları üzrə bitirmiş bakalavrlar iştirak edirdilər.

 Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli gəncləri salamlayaraq onları akademiyada görməkdən məmnun olduğunu bildirdi. Direktor  İqtisadiyyat İnstitutunun əsas fəaliyyət sferası, hökumət qurumları ilə əməkdaşlıq, magistratura təhsili, gənclərə yaradılan şərait və onlardan gözləntilər, karyerada yüksəliş imkanları, magistraturaya qəbul olacaq magistrlərin təhsilinin yüksək səviyyədə təşkili və gələcəkdə onların İnstitutun əməkdaşı kimi işləmək perspektivləri barədə danışdı. Elmlə məşğul olmaq istəyən gənclər üçün AMEA İqtisadiyyat İnstitutunun magistraturasının uğurlu seçim ola biləcəyini vurğuladı.

 Sonra bakalavrlar qruplar şəklində AMEA İqtisadiyyat İnstitutunun elmi şöbələrinə gələrək onların fəaliyyəti ilə yaxından tanış oldular. Şöbə müdirləri onları maraqlandıran sualları ətraflı cavablandırdılar, tədqiqat istiqamətləri barədə məlumat verdilər.

 Şöbələrlə tanışlıqdan sonra yenidən kiçik konfrans zalında AMEA Elm və Təhsil Baş İdarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyevin, AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradovun, İnstitutun Elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayevanın və Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyevanın iştirakı ilə bakalavrlarla yekun görüş keçirildi. Burada bakalavrları magistraturaya qəbulla bağlı maraqlandıran bütün  suallar cavablandırıldı, AMEA İqtisadiyyat İnstitutunun magistraturasında təhsilin üstün xüsusiyyətləri və gələcək perspektiv imkanlar barəsində geniş məlumat verildi. Gənc bakalavrları AMEA İqtisadiyyat İnstitutunun magistraturasında görmək ümidi ilə onlara ixtisas seçimində uğurlar arzu edildi.

 Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.  AMEA İqtisadiyyat İnstitutunun magistraturasına 4 ixtisas üzrə 4 plan yeri  (dövlət sifarişli) nəzərdə tutulub. Bunlar İqtisadiyyatın tənzimlənməsi; Təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı; Makroiqtisadi siyasət və Əməyin iqtisadiyyatı ixtisaslarıdır. AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödəyənlər AMEA İqtisadiyyat İnstitutunun magistraturasında ixtisas seçmək imkanı əldə ediblər. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisas seçimini yerinə yetirməlidirlər (economics.com.az).