AMEA İqtisadiyyat İnstitutu hökumət qurumlarına təklif və tövsiyələr paketi hazırlayacaq
- Oxunub 1412 dəfə
İyunun 27-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında “Beynəlxalq müqayisəli iqtisadi araşdırmalarda Azərbaycanın mövqeyi və onun yaxşılaşdırılması yolları” mövzusunda elmi-tədqiqat işi üzrə Azərbaycan Respublikası nazirliklərindən, komitə və agentliklərdən daxil olan təklif və tövsiyələr müzakirə edilmişdir. Vergilər, Sənaye və Energetika, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Gömrük, Statistika Komitələrinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin təklif və tövsiyələri alimlərin xüsusi marağına səbəb olmuşdur. Təklif və tövsiyələrin nəzərə alınması ilə bağlı qərar qəbul etmişdir.
İqtisadiyyat İnstitutu bu tədqiqatı 2019-2021-ci illərdə yerinə yetirəcəkdir. Tədqiqatın aktuallığı, həm də Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə qarşıya qoyulan vəzifələrlə şərtlənir.
Tədqiqat çərçivəsində “İnsan inkişafı”, “İnklüziv inkişaf”, “Dayanıqlı inkişaf”, “Qlobal rəqabətlilik”, “İnsan kapitalı”, “Beynəlxalq ticarətə cəlbolunma”, “Biznes mühiti”, “Qlobal innovasiyalar”, “Qloballaşma”, “Qlobal xidmətlər”, “İqtisadi azadlıq”, “Maliyyə sabitliyi”, “Sənaye istehsalı”, “Sosial tərəqqi”, “Təbii resurslar” üzrə və bir sıra başqa beynəlxalq araşdırmalarda Azərbaycanın mövqeyi təhlil olunacaq və onun yaxşılaşdırılması istiqamətində təkliflər hazırlanacaqdır.
Elmi Şura beynəlxalq reytinqlərin araşdırılması üzrə yaradıcı qrupların formalaşdırılması haqqında da qərar qəbul etmişdir.