“Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” kitabı nəşr olunub
- Oxunub 918 dəfə
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun “Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” kitabı çap olunub (Bakı “AVROPA” nəşriyyatı-2019. 594 səh.). Kitab Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin birinci dəfə Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyinə həsr edilib. Əsərdə Azərbaycanda tənəzzüldən tərəqqiyə yüksələn 50 illik (1969-2019-cu illər) çətin yolun sosial-iqtisadi nəticələri təhlil olunub.
Müəllif ön sözdə qeyd edir ki, “14” iyul 2019-cu il tarixdə Heydər Əliyevin ilk dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəlməsinin 50 ili tamam olur. O, 1969-cu ilin “14” iyulunda Bakı şəhərində keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda yekdilliklə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilmişdir. O, Azərbaycan Respublikasına iki dəfə rəhbərlik etmişdir. Birinci dəfə “14” iyul 1969-cu ildə; ikinci dəfə isə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən 3 il sonra, yəni “15” iyun 1993-cü ildə. Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf etmişdir. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr respublika iqtisadiyyatının bütünlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyması ilə; ikinci dövr isə Azərbaycanın tarixində ən ağır, fəlakətli illəri, “Ölüm, ya olum” dilemması ilə üz-üzə qalması ilə səciyyələnirdi. Ulu öndər Heydər Əliyev hər iki dəfədə Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilmişdir.
Ulu öndərin Azərbaycana bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti dövrünün; 10 ili (1993-2003-cü illər) isə Azərbaycanın müstəqillik illərinin payına düşür. Ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan keçən 50 ilin 16 ili isə (2003-2019-cu illər) İlham Əliyev cənablarının hazırda Azərbaycana rəhbərlik etdiyi dövrdür. Ümumiyyətlə götürdükdə isə bu 50 illik dövrün 22 ili (1969-1991-ci illər) Sovet hakimiyyəti illərinin; 28 ili isə (1991-2019-cu illər) Azərbaycanın müstəqillik illərinin payına düşür. Heydər Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri – bərpa və dinamik inkişaf mərhələləri; İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni inkişaf mərhələsi kimi tarixə düşmüşdür. Azərbaycanın çağdaş tarixi, tarixi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dünyanın ən islahatçı prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır.
“Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” (yüklə)