“Böyük İqtisadi Ensiklopediya”nın daha iki cildi cap olunub
- Oxunub 1980 dəfə
Mayın 26-da Bakı Biznes Mərkəzində AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, millət vəkili, akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu “Böyük İqtisadi Ensiklopediya”nın 6 və 7-ci cildinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə bildirib ki, zaman dəyişdikcə, dünyada inkişaf prosesləri dərinləşdikcə, yeni ensiklopediyaların yaradılmasına ehtiyac duyulur. Dünya təcrübəsi göstərir ki, ictimai elmlər arasında özünəməxsus yer tutan, daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca təyinatlı ensiklopediyanın yaradılması məsələsini aktuallaşdırıb. Bu missiyanı akademik Ziyad Səmədzadə öz üzərinə götürdü, onun ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb nəşr edilən irihəcmli fundamental “Böyük İqtisadi Ensiklopediya” da respublikanın elmi-mədəni həyatında diqqətəlayiq hadisələrdən birinə çevrilib.
“Böyük İqtisadi Ensiklopediya” dünya iqtisadiyyatının tarixi, bu gün iqtisadib həyatın müxtəlif sahələrində istifadə edilən terminlərin mahiyyəti, görkəmli iqtisadçıların fəaliyyəti barədə ətraflı məlumat və bilik mənbəyidir. Ensiklopediyada iqtisadi termin və anlayışların, nəzəriyyə və baxışların mükəmməl izahları verilib, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti yüksək peşəkarlıqla açıqlanıb, müasir gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətləri hərtərəfli işıqlandırılıb. Bu ensiklopedik külliyyat elmi-analitik, metodoloji, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə də diqqəti cəlb edir. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala cavab tapmaq mümkündür
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, ensiklopediyada Azərbaycanın inkişafı, TAP və TANAP layihələri, Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər, eləcə də son illər iqtisadi sahədə əldə edilən nailiyyətlər, neft sənayesinin tarixindən başlamış bu günədək bütün proseslər öz əksini tapıb. Gənc mühəndislər üçün bu, çox qiymətli əsərdir.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından, “Böyük İqtisadi Ensiklopediya”nın əhəmiyyətindən danışaraq, onu yüksək qiymətləndirib. Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digərləri Azərbaycanın iqtisadi uğurlarından söz açdılar. Qeyd olunub ki, “Böyük İqtisadi Ensiklopediya”nın hazırlanması, geniş ictimaiyyətə təqdim olunması Azərbaycanın elmi, iqtisadi, ictimai və mədəni həyatında çox mühüm hadisədir.