AMEA alimləri Beynəlxalq İpək Yolu Akademiyasının yaradılması üzrə Hazırlıq Komitəsinin toplantısında iştirak ediblər
- Oxunub 747 dəfə
Xəbər verdiyimiz kimi, sentyabrın 11-12-də Çinin Sian şəhərində Avrasiya İqtisadi Forumu keçirilib. Forumun ümumi mövzusu "Bir qurşaq - bir yol": yüksək səviyyəli əməkdaşlıq və yüksək keyfiyyətli inkişaf"dır. Forumda AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., prof. Nazim Müzəffərli və İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri i.f.d., dos. Rüfət Efendiyev də iştirak ediblər.
Forum çərçivəsində keçirilən ən mühüm tədbirlərdən biri də "Beynəlxalq İpək Yolu Akademiyasının" yaradılması üzrə Hazırlıq Komitəsinin qapalı iclası olmuşdur. N.Müzəffərli iclasda geniş çıxış etmiş, iştirakçıların suallarını cavablandırmışdır. O qeyd etmişdir ki, Azərbaycan "Beynəlxalq İpək Yolu Akademiyasının" yaradılmasını dövlət səviyyəsində dəstəkləyir və AMEA bu istiqamətdə görüləcək bütün işlərə öz imkanları çərçivəsində hər cür yardım göstərməyə hazırdır. N.Müzəffərli qurulmaqda olan Akademiyanın missiyasına, təşkilati strukturuna, idarəetmə prinsiplərinə və maliyyələşmə qaydalarına dair mülahizələrini iclas iştirakçılarının nəzərinə çatdırmışdır. AMEA təmsilçisinin fikirləri geniş maraq doğurmuş və sonrakı müzakirələrə mövzu vermişdir.
Qeyd edək ki, forumda 54 ölkənin nümayəndələri iştirak ediblər. İqtisadiyyat, maliyyə, ekologiya, mədəniyyət, elektron ticarət və bir çox başqa sahələrə aid aktual problemlər müzakirə olunub (economics.com.az).