Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

  • Oxunub 775 dəfə

 Oktyabrın 14-də Stokholmda baş tutan xüsusi tədbirdə 2019-cu il üzrə Alfred Nobelin xatirəsinə həsr olunan, iqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları ictimaiyyətə elan olunub. Bu il həmin mükafata ABŞ-dan olan alimlər - Abirjit Banerji, Ester Düflo və Maykl Kremerə verilib. Onlar qlobal yoxsulluğun aradan qaldırılması üzrə təcrübi yanaşmalarına görə bu mükafata layiq görülüblər.

  Qeyd etmək lazımdır ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Bu mükafat İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib. Laureatı hər il İsveç Kral Elmləri Akademiyası tərəfindən seçilən mükafat iqtisadi elmlər sahəsində ən nüfuzlu mükafat (təxminən 900 min dollar) hesab olunur.

 Xatırladaq ki, bu il tibb və fiziologiya üzrə Nobel mükafatı amerikalı Villiam Kaelin və Qreq Semenzaya, həmçinin britaniyalı Sir Peter Ratcliffeyə, fizika üzrə Nobel mükafatı James Peebles, Mişel Mayor və Didier Quelozaya, kimya üzrə Nobel mükafatı amerikalı Con B.Qudinafa və onun iki həmkarına - M.Stenli Uittinqemə (Britaniya-Amerika), Akira Yoşinoya (Yaponiya), ədəbiyyat üzrə mükafat polşalı yazıçı və şairə Olqa Tokarczuk və avstriyalı yazıçı və ssenarist Peter Handkeyə, Nobel sülh mükafatı isə Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə verilib. Mükafatların təqdimetmə mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək.