Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri üzrə tədqiqatlar aparılır

  • Oxunub 983 dəfə

 Noyabrın 7-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu. Direktor ilk növbədə 2019-cu ildə İnstitutda yerinə yetirilən elmi tədqiqat plan işləri, bu məqsədlə yaradılmış yaradıcı qrupların fəaliyyəti barədə məlumat verdi. 

  Sonra AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov 2019-cu ildə elmi-təşkilati fəaliyyət haqqında hesabat məruzəsi ilə çıxış etdi. Bildirildi ki, hesabat ilində İnstitutda “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar aparılıb. Bu məqsədlə 24 işçi qrupu yaradılıb. Tədqiqat Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş   “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” ilə bağlı tədbirlərin icrasına əsaslanır. İnstitutda 25 reytinq üzrə tədqiqatlar aparılır ki, onlardan 4-ü institutun öz məhsuludur.  Aparılan tədqiqatlarla bağlı iqtisadiyyat və sosial istiqamətləri koordinasiya edən 17 dövlət qurumundan təklif və tövsiyələr daxil olmuşdur.

 AMEA İqtisadiyyat İnstitutunda ilk dəfə olaraq professor Nazim Müzəffərlinin rəhbərliyi ilə Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətinin müqayisəli şəkildə qiymətləndirilməsi əsasında Həyat Keyfiyyəti İndeksi (HKİ) hazırlanmışdır. Tədqiqat ölkənin 8 iqtisadi rayonu və həmin rayonlara daxil olan 61 respublika tabeli şəhər və inzibati rayonu əhatə etmişdir. Azərbaycanın iqtisadi regionlarının, şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılmış 31 göstərici əsasında tərtib edilmişdir. Bu araşdırma və ümumən bu tipli bölgələrarası müqayisələr mühüm elmi-nəzəri məsələlərin həllinə kömək etməklə yanaşı, həm də ciddi praktik əhəmiyyət daşıyır. Onların nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.

 İlk dəfə olaraq AMEA İqtisadiyyat İnstitutunda hazırlanmış metodologiya əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi – dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında müqayisəli şəkildə qiymətləndirilmişdir. İqtisadiyyatın solluğu (sağlığı) indeksinin ayrı-ayrı ölkələr üçün hesablanmış qiymətləri əsasında 5 iqtisadi model müəyyənləşdirilmiş və dünya ölkələri bu modellər üzrə təsnifləşdirilmişdir. Yaxın illərdə Azərbaycan iqtisadiyyatının daha da liberallaşdırılmasının zəruriliyi və tələb olunan iqtisadi islahatların başlıca istiqamətləri nəzəri formada əsaslandırılmışdır. Tədqiqatın nəzəri tapıntıları və praktik tövsiyyələri iqtisadçılar və iqtisadi siyasət qurucuları üçün maraqlı və faydalı olacaqdır.

 2019-cu idə İnstitutun əməkdaşları tərəfindən 305 elmi əsər, o cümlədən 2 dərslik, 10 monoqrafiya, 245 məqalə və s. nəşr olunmuşdur. İnstitutun əməkdaşları müxtəlif televiziya kanallarında, qəzetlərdə, elektron KİV-lərdə çoxsaylı çıxışlar edərək, ölkədə cərəyan edən sosial-iqtisadi proseslərə şərhlər vermiş, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların təbliğində fəal iştirak etmişlər. 

 İqtisadiyyat İnstitunda “Kreativ iqtisadiyyat” elmi müzakirə meydançasında il ərzində müxtəlif mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bu cür müzakirələrdə dövlət qurumlarının nümayəndələri də iştirak etmişlər. 

 Bu il beynəlxalq əlaqələr genişləndirmiş, əməkdaşlar müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak etmişlər. İnstitutda respublika səviyyəli konfrans və seminarlar da keçirilmişdir. İnstitutda 118 elmi əməkdaşı var ki, onlardan 16-sı elmlər doktoru, 45-i fəlsəfə doktoru, 57-si elmi işçidir. Gənc alimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İnstitutun iki professoru öz əmək haqqından 2 gənc əməkdaşa hər ay adsız fərdi təqaüd verir.  

 Elmi Şuranın qərarı ilə “Azərbaycanda həyat keyfiyyəti - 2018” adlı monoqrafiya çapa tövsiyyə olundu.

 İclasda 2019-cu ildə magistraturaya qəbul olunmuş magistrin fərdi iş planı və fənn proqramları da təsdiq edildi.

 Elmi Şurada gizli səsvermə yolu ilə “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri, i.f.d. Leyli Allahverdiyevaya və “Maliyyə, pul kredit siyasəti” şöbəsinin böyük elmi işçisi, i.f.d. Vüqar Bayramova dosent elmi adının verilməsi barədə qərar qəbul olundu (economics.com.az).

Hesabatla daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz

2019-cu ildə elmi-təşkilati fəaliyyət haqqında hesabat (yüklə)