Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun direktoru AMEA İctimai Elmlər Bölməsində təqdimatla çıxış edib

  • Oxunub 942 dəfə

 Noyabrın 27-də AMEA İctimai Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, büro üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katiblər və aidiyyəti olan şəxslər iştirak ediblər.

  Akademik İsa Həbibbəyli çıxış edərək İctimai Elmlər Bölməsinin fəaliyyətindən bəhs edib. Alim son dövrlərdə bölmədə multidissiplinar tədqiqatların daha da genişləndiyini, mühüm elmi nəticələrin əldə olunduğunu nəzərə çatdırıb. Bildirib ki, bölmədə impakt faktorlu jurnallarda dərc olunan məqalələrin və istinadların sayının artırılması, beynəlxalq jurnallara sərbəst çıxışın təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Akademik Azərbaycan dövlətinin və elmimizin daha da inkişafı naminə alim və mütəxəssisləri dünya elminin tələblərinə cavab verən prioritet istiqamətlərdə tədqiqatlar aparmağa çağırıb.

 Ümumi yığıncaqda İctimai Elmlər Bölməsinin tərkibinə daxil olan elmi müəssisələrdə 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar dinlənilib.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli rəhbərlik etdiyi İnstitutun 2019-cu ildəki elmi-təşkilati fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Direktor bildirib ki, hesabat ilində İnstitutda “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar aparılıb. Bu məqsədlə 24 işçi qrupu yaradılıb. Aparılan tədqiqatlarla bağlı iqtisadiyyat və sosial istiqamətləri koordinasiya edən 20 dövlət qurumundan təklif və tövsiyələr daxil olub.

 İnstitutda 22 beynəlxalq reytinq üzrə tədqiqatlar aparılır. Daha 4 reytinq isə institutun öz araşdırmasıdır. Bunlar İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi, Azərbaycanda sosial-iqtisadi inkişaf, Azərbaycanda iqtisadi potensialın reallaşdırılması və Azərbaycanda həyat keyfiyyəti indeksləridir. Bu indekslərin əsasında Azərbaycanın 8 iqtisadi rayonunda, 6 respublika tabeli şəhərində və 55 inzibati rayonunda həyat keyfiyyəti müqayisəli şəkildə qiymətləndirilmişdir. Habelə balanslaşdırılmamış açıq iqtisadi sistemlərdə makroiqtisadi normativlərin və səmərəlilik göstəricilərinin çoxfaktorlu asılılıqlarının müəyyənləşdirilməsi üçün riyazi aparat hazırlanmışdır. Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi qiymətləndirilmişdir.

 Prof. N.Müzəffərli qeyd edib ki, AMEA İqtisadiyyat İnstitutu müxtəlif hökumət qurumları tərəfindən yaradılmış 10 işçi qrupunda ekspertlər səviyyəsində təmsil olunur. İl ərzində İnstitutun əməkdaşları 8 beynəlxalq konfrans və forumda iştirak ediblər, 50-dən çox əməkdaş ölkə səviyyəli 30-dan artıq konfrans, forum və seminara qatılıb. İnstitutda 116 elmi əməkdaşı var ki, onlardan 16-sı elmlər doktoru, 45-i fəlsəfə doktorudur.

 2019-cu idə İnstitutun əməkdaşları tərəfindən 305 elmi əsər, o cümlədən 2 dərslik, 10 monoqrafiya nəşr olunmuşdur. İnstitutun əməkdaşları müxtəlif televiziya kanallarında, qəzetlərdə, elektron KİV-lərdə çoxsaylı çıxışlar edərək, ölkədə cərəyan edən sosial-iqtisadi proseslərə şərhlər vermiş, ölkədə aparılan iqtisadi islahatların təbliğində fəal iştirak etmişlər.  İqtisadiyyat İnstitunda “Kreativ iqtisadiyyat” elmi müzakirə meydançasında il ərzində müxtəlif mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bu cür müzakirələrdə dövlət qurumlarının nümayəndələri də iştirak ediblər (economics.com.az).

Prof. N.Müzəffərlinin hesabatı ilə aşağıdakı linki yükləməklə tanış olmaq olar 

Hesabat 2019 (yüklə)