AMEA İqtisadiyyat İnstitutu "Doha Forum 2019”-da təmsil olunub
- Oxunub 792 dəfə
Dekabrın 14-15-də Qətərin Doha şəhərində "Doha Forum 2019” adlı beynəlxalq tədbir keçirilib. "Çoxqütblü dünyada yeni düşüncədə idarəetmə" mövzusunda baş tutan tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli də iştirak edib.
Hər il təşkil olunan bu qlobal siyasi forumda dünya liderləri ötən illərin uğurlarına söykənərək müzakirələr aparırlar. Bu ilki forumu Qətərin əmiri Tamin bin Həməd əl-Tani açıb. Şeyx öz çıxışında yoxsulluq, müharibə, torpaqların işğalı, ekologiyanın dəyişməsi kimi qlobal problemlərin artmasından danışıb. Xüsusən də Qətərin beynəlxalq təşkilatlarla birgə kiçik ada dövlətlərinə 100 milyon dollar, bununla yanaşı, müxtəlif ölkələrdə humanitar layihələrə 600 milyon dollar ayrılması, Qətər Təsil, Elm və İnkişaf Fondunun yardımı ilə 10 milyon uşağın təhsilə əlçatanlığının təmin edilməsi və 2022-ci ilədək 5,8 milyon uşağın imkanlarının genişləndirilməsi layihələrini qeyd edib.
Sessiya çərçivəsində Qətərin əmiri bu konfransla bağlı görkəmli şəxsiyyətlərə hörmət ənənəsinin başlanğıcını qoymuş, diplomatiya və dialoqa sadiqliyinə görə “Doha Forum 2019” mükafatını Malayziyanın baş naziri Mahathir bin Mohamada təqdim edib.
Tədbirdə 100-dən artıq ölkədən 250-yə yaxın məruzəçi iştirak edib, maraqlı məruzələr dinlənilib. “Çoxqütblü dünyada yeni düşüncədə idarəetmə” devizi altında keçirilən tədbirdə ekspertlər qlobal problemlər və onların praktik həlli yolları ətrafında müzakirələr aparıblar (economics.com.az).