AMEA İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul üzrə müsabiqə keçirildi
- Oxunub 1128 dəfə
Yanvarın 27-də AMEA İqtisadiyyat İnstitutunun elmlər doktoru hazırlığı proqramı üzrə dissertanturasına qəbul üzrə müsabiqə keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi, prof. Akif Musayev, prof. Gülşən Yüzbaşıyeva, prof. Müşfiq Atakişiyev, i.e.d. Fuad Qənbərov, i.f.d. Allahyar Muradov, i.f.d. Rəsmiyyə Abdullayeva və dos. Gülsurə Mehdiyevanın üzvlüyü ilə müsabiqə komissiyası yaradılıb.
Müsabiqəyə 8 yerə qarşı 8 nəfər qatılıb. Hər bir iddiaçının tədqiqat üçün təklif etdiyi doktorluq dissertasiyası mövzusu üzrə dinləmələr və müzakirələr aparılıb. Mövzuların aktuallığı, Azərbaycan iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə tələblərə, müasir çağırışlara uyğunluğu, problem mövzular üzrə aparılacaq tədqiqatların əsas mahiyyəti, gözləntilər və s. məsələlər əsas götürülüb. Sonda müsabiqə komissiyasının qərarına əsasən cəmi 5 yerə qəbul aparılıb, digər iddiaçıların doktorluq işi yazmağa hazırlıq səviyyəsi komissiyanı qane etmədiyindən 3 yer boş qalıb (economics.com.az).