Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı

  • Oxunub 1564 dəfə

 Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Buna görə də dövlət başçısı tərəfindən elmin inkişafı ilə bağlı ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilməkdədir. Respublikada elmi fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən əsas qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır. AMEA 75 illik tarixi ərzində, xüsusən də Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə zəngin inkişaf yolu keçmiş, bir sıra mühüm uğurlar əldə etmişdir.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün digər sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsində də Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, son illər Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş, səlahiyyətləri artırılmış, Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısına mühüm vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası istiqamətində görülmüş işlər bütövlükdə Azərbaycan elminin, o cümlədən AMEA-nın inkişafına böyük təkan vermişdir.

 Hazırda müasir zamanın çağırışlarından, eyni zamanda respublikanın modernləşməyə və intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf istiqamətlərindən irəli gələrək AMEA qarşısında tamamilə yeni vəzifələr dayanır. Bu da öz növbəsində AMEA-nın fəaliyyətinin gücləndirilməsini, beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsini, elmin maddi-texniki bazasının müasir standartlar səviyyəsində qurulmasını, prioritet elmi istiqamətlərin bir daha yenidən müəyyənləşdirilməsini, elm və təhsilin inteqrasiyasının daha effektiv modellərinin müəyyənləşdirilməsini tələb edir.   Hazırkı şəraitdə Akademiya mühüm dövlət proqramlarının icrasında yaxından iştirak etməli, elmi-texniki layihələrin əsas eksperti funksiyasını həyata keçirməlidir. Alimlərin beynəlxalq, o cümlədən dövlətin reallaşdırdığı milli və regional elmi layihələrdə iştirakı istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac vardır. Elmi fəaliyyət sahəsində zəruri məsələlərdən biri də qeyri-neft sektorunun inkişafında elmin yaxından iştirakı, elmi nəticələrin kommersiyalaşdırılmasıdır.

 Bu vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə AMEA prezidentinin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” hazırlanmış və AMEA-nın Ümumi yığıncağına təqdim edilmişdir. Təqdim olunan proqram elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatların aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və s. kimi istiqamətləri əhatə edir. Həmçinin, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi, Azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının işlənib hazırlanmasında elmin dəstəyinin təmin edilməsi də proqramda yer alan mühüm istiqamətlərdir. Proqramda elmi prioritetlərin müəyyənləşdirilməsində dövlətin AMEA qarşısında qoyduğu vəzifələrin əsas prinsip olaraq nəzərə alınması, struktur islahatlarında idarəetmənin ağırlıq mərkəzinin elmi müəssisələrə keçirilməsi, elmin maliyyələşdirilməsində yeni mexanizmlərin tətbiqi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasında dünya təcrübəsinin tətbiqi və s. kimi məsələlər öz əksini tapmışdır. Proqram çərçivəsində xüsusi elmi aktuallıq kəsb edən pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. 

 Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının 28 dekabr 2019-cu il tarixli qərarı ilə, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nı müzakirə edərək, eyni zamanda AMEA üzvləri tərəfindən qeyd olunan rəy və təklifləri nəzərə alaraq “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” təsdiq edilmişdir.

 Proqramın tam mətni ilə aşağıdakı linki yükləməklə tanış ola bilərsiniz.

"AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” (yüklə)

“AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında AMEA-nın qərarı