Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-da İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib

  • Oxunub 601 dəfə

 Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvləri də iştirak ediblər

  Fevralın 12-də AMEA-da Akademiya əməkdaşlarının Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevgiriş sözü ilə çıxış edərək son vaxtlarda Akademiyada bir sıra dövlət nümayəndələri ilə görüşlərin keçirildiyini, müxtəlif qurumlarla birgə layihələr həyata keçirməyi nəzərdə tutan əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib. O, bu cür görüşlərin təşkilində başlıca məqsədin AMEA-nın mövcud potensialını, alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etmək, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Akademiya rəhbəri bu formatda ünsiyyətin mövcud problemləri bilmək, onların həlli yolunu eşitmək və qurumlar arasındakı birbaşa ünsiyyətə əngəl törədən süni maneələrin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Akademik Ramiz Mehdiyev AMEA ilə dövlət müəssisələri arasındakı münasibətlərdən danışaraq bildirib ki, uzun illərdir bu elm ocağı ilə hökumət qurumları arasındakı münasibətlərdə durğunluq və boşluq hökm sürmüş, ölkənin inkişafı üçün zəruri əməkdaşlıq olmamışdır. Bunun nəticəsində böyük potensiala malik Elmlər Akademiyası yeni dövrün quruculuq proseslərindən kənarda qalmış, cəmiyyətin inkişafına öz töhfəsini verə bilməmişdir. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı üçün apardığı islahat və yenilənmə xəttinə aktiv şəkildə qoşulmaq, ona dəstək vermək hər bir vətəndaşın, xüsusilə alimlərimizin mənəvi borcudur. Ümid edirəm ki, hər iki tərəf – həm alimlərimiz, həm də dövlət strukturlarının nümayəndələri formalaşmaqda olan əməkdaşlıq platformasından səmərəli şəkildə istifadə edib, mövcud imkanları dövlətin ümumi mənafeyi naminə səfərbər etməyə nail olacaqlar”, - deyə akademik Ramiz Mehdiyev əlavə edib.

 Bu gün Akademiyanın geniş imkanlara malik olduğunu diqqətə çatdıran AMEA rəhbəri ölkənin sosial-iqtisadi inkişafına və digər sahələrə elmin təsirinin qənaətbəxş olmadığını vurğulayıb: “Dövlət strukturlarının elm ictimaiyyətinə tərəf yönəlməsi, onunla sıx əməkdaşlıq etməsi böyük perspektivlər vəd edir. Akademiyanın müxtəlif strukturları ölkəmizin sənaye və iqtisadi qüdrətinin artırılmasına lazımi töhfələr vermək iqtidarındadır. Son illər Akademiyanın institutlarında olduqca aktual və faydalı elmi araşdırmalar aparılıb. Lakin təəssüf hissi ilə bildirməliyəm ki, onların tətbiq edilməsi üçün dövlət orqanları tərəfindən sifarişlər olmamışdır. Akademiyanın strukturları da bu məsələyə passiv yanaşmışlar.”

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşün qeyd olunan çətinliklərin aradan qaldırılması, yeni əməkdaşlıq körpülərinin salınması baxımından faydalı olacağına, elmi potensialın iqtisadi proseslərə səmərəli şəkildə cəlb edilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Sonra nazir Mikayıl Cabbarov çıxış edərək tədbirin AMEA-nın müxtəlif elmi müəssisələri ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrin aparılması, prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Son illər ölkə iqtisadiyyatının əksər sahələrində dinamik inkişafın müşahidə olunduğunu deyən nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin qarşısında duran əsas vəzifə ölkənin dayanıqlı inkişafına nail olmaqdır. M.Cabbarov İqtisadiyyat Nazirliyinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına dair statistik göstəricilərini görüş iştirakçılarının diqqətinə çatdırıb. Nazir Akademiya əməkdaşlarının suallarını cavablandırıb.

Tədbirdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsində AMEA-nın potensialından istifadə, İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması, qeyri-neft sektoru üzrə elmə ayrılan investisiyalar və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Sonda akademik Ramiz Mehdiyev görüşdə iştirak etdiyinə görə Mikayıl Cabbarova AMEA-nın kollektivi adından dərin minnətdarlığını bildirib, aparılan müzakirələr nəticəsində əməli tədbirlərin həyata keçiriləcəyinə və müsbət nəticələrin əldə ediləcəyinə əmin olduğunu vurğulayıb.