Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun yaradılmasının 62 ili tamam olur

  • Oxunub 953 dəfə

 Aprelin 14-də AMEA İqtisadiyyat İnstitutunun yaradılmasının 62 ili tamam olur.  İnstitut əvvəllər SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorunun, 1945-ci ildən isə Azərbaycan EA nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında 14 aprel 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır.

  Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan və Azərbaycanda iqtisad elminin inkişafına böyük töhvələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. 70-80-cı illərdə İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin səviyyəsini xarakterizə edən ən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, bu dövrdə institut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir.

   İqtisadiyyat İnstitutu AMEA-nın fundamental elmi mərkəzi olmaqla Azərbaycanda tanınmış iqtisadçılar nəsli yetişdirib. İnstitutda uzun illərdən bəri fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq və namizədlik dissertasiya şuralarında 900-dan çox namizədlik və 100-ə yaxın  doktorluq dissertasiyası müdafiə olunmuşdur. Yüzlərlə monoqrafiya və kitab nəşr edilmişdir.

 Müstəqillik illərində AMEA İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və samballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir.

 İqtisadiyyat İnstitutu yarandığı 1958-ci ildən 1964-cü ilədək onun direktoru vəzifəsində iqtisad elmləri namizədi H.T.Hüseynov, 1964-1989-cu illərdə akademik Ə.Ə.Mahmudov, 1991-1998-ci illərdə AMEA-nın müxbir üzvü A.K.Ələsgərov, 1999-cu ilin yanvarından 2008-ci ilin iyun ayına kimi AMEA-nın müxbir üzvü, i.e.d. professor Ş.M.Muradov, 2008-ci ilin iyun ayından 2014-cü ilin may ayına kimi i.e.d., professor İ.H.Alıyev çalışmışlar. 2014-cü ilin may ayından İnstituta i.e.d., professor Nazim Müzəffərli (İmanov) rəhbərlik edir.

 Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan AMEA İqtisadiyyat İnstitutunda hazırda “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar aparılır. Bu məqsədlə  işçi qrupları yaradılıb. Tədqiqat Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” ilə bağlı tədbirlərin icrasına əsaslanır. İnstitutda 25 reytinq üzrə tədqiqatlar aparılır ki, onlardan 4-ü institutun öz məhsuludur.  Aparılan tədqiqatlarla bağlı iqtisadiyyat və sosial istiqamətləri koordinasiya edən 20-dək dövlət qurumundan təklif və tövsiyələr daxil olmuşdur. İqtisadiyyat İnstitutunun alimləri dövlət proqramlarının, strateji yol xəritələrinin hazırlanmasında və həyata keçirilməsində ekspert qismində də yaxından iştirak edirlər.

  Təkcə 2019-cu idə İnstitutun əməkdaşları tərəfindən 305 elmi əsər, o cümlədən 2 dərslik, 10 monoqrafiya, 245 məqalə və s. nəşr olunmuşdur. İnstitutun əməkdaşları müxtəlif televiziya kanallarında, qəzetlərdə, elektron KİV-lərdə çoxsaylı çıxışlar edərək, ölkədə cərəyan edən sosial-iqtisadi proseslərə şərhlər vermiş, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların təbliğində fəal iştirak etmişlər.

 180 nəfər işçisi olan İnstitutda 118 elmi əməkdaşı var ki, onlardan 16-sı elmlər doktoru (2-si AMEA-nın müxbir üzvü), 45-i fəlsəfə doktoru, 57-si elmi işçidir.

 AMEA İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi öz üzərinə düşən missiyasını bundan sonra daha da irəli aparmaq əzmindədir (economics.com.az).