AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli əməkdaşları “İnstitut günü” münasibəti ilə təbrik edib
- Oxunub 1496 dəfə
Hörmətli həmkarlar!
Bu gün bayramımızdır. İqtisadiyyat İnstitutu 62 il əvvəl aprelin 14-də yaradılıb. Bu illər ərzində İnstitut, ciddi elmi nailiyyətlərlə zəngin şanlı bir inkişaf yolu keçib. Yol, əlbəttə, hamar olmayıb, uğursuzluqlarımız da, ziddiyyətlərimiz də olub, amma işləyə-işləyə, çalışa-çalışa öyrənmişik, irəliləmişik, böyümüşük və indi qürurla deyə bilirik ki, ölkəmizin əsas iqtisadi araşdırma mərkəzinə çevrilmişik, fundamental-nəzəri problemlərlə yanaşı, dövlətimiz üçün praktik əhəmiyyət daşıyan tətbiqi məsələlərin də araşdırılması ilə məşğuluq, ölkəmizdə aparılan iqtisadi tədqiqatları koordinasiya edirik, alimlər yetişdiririk.
62 il ərzində ilk dəfədir ki, bu gözəl yaz günlərində İnstitutda heç kəs yoxdur. Pandemiya üzündən hamı məzuniyyətdədir. Amma evdə də bekar qalmırıq, çünki öhdəliklərimizin üzərimizdə qaldığını yaxşı bilirik. Bilirik ki, bu qeyri-müəyyənlik dövrü tezliklə bitəcək, işə qayıdacağıq, 2020-ci ilin plan tədqiqatlarını başa çatdırıb hesabatını verəcəyik.
O da bəllidir ki, indi dünya iqtisadiyyatının üzləşdiyi ağır problemlər bizim ölkəmizdə də müəyyən fəsadlar törədir. Yaxın aylarda həm iqtisadi fəallığın bərpa edilməsi, həm də ictimai rifahın dəstəklənməsi üzrə tamamilə yeni, indiyəcən heç vaxt rastlaşmadığımız problemlərlə üz-üzə qalacağıq. Bu problemlərin çözülməsi sahəsində ən böyük məsuliyyət iqtisadçıların üzərinə düşəcək. İndi səhiyyə işçilərinə yönəlmiş baxışlar tədricən iqtisadçılara doğru çevrilməkdədir və getdikcə daha çox çevriləcək. Bizim “həqiqət anımız” yaxınlaşmaqdadır. Bilik və bacarıqlarımız sınağa çəkiləcək.
Təxminən iki həftə əvvəl mən İnstitutumuzun əməkdaşlarına müraciət edərək, qlobal böhranın Azərbaycan iqtisadiyyatına faktik və potensial təsirlərinin qiymətləndirilməsi, makroiqtisadi sabitliyə mümkün mənfi təsirlərinin neytrallaşdırılması, yaxın illər ərzində üzləşə biləcəyimiz yeni iqtisadi risklər, məcmu tələbin və təklifin dəstəklənməsi, ictimai rifaha mümkün mənfi təsirlərin yüngülləşdirilməsi, iqtisadiyyatın hər bir sahəsində həyata keçirilməsi zəruri olan tədbirlər haqqında təkliflərini hazırlayıb təqdim etmələrini xahiş etmişdim. Əksər əməkdaşlarımız bu müraciətə məsuliyyətlə yanaşıblar və hazırda onların təqdim etdiyi analitik yazılar ümumiləşdirmə mərhələsindədir. Ümidvaram ki, hazırlayacağımız yekun arayış dövlət idarəetmə orqanlarımız üçün faydalı olacaq.
“İnstitut günü” münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm!
Bakı, 14 aprel, 2020