Dosent Rəsmiyyə Abdullayeva: "Postpandemiya dövründə insanlar bacarıq və səriştələrini artırmaq məcburiyyətində qalacaqlar"
- Oxunub 1244 dəfə
“Apardığımız tədqiqatlar dövlətin səhiyyə sisteminə müdaxiləsinin əhalinin sağlamlıq göstəricilərinə daha yaxşı təsir göstərdiyini isbat edir”
AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın economics.com.az saytına müsahibəsi
- Rəsmiyyə xanım, bütün dünyanı koronavirus (COVİD-19) pandemiyası bürüyüb. Belə situasiyalarda dövlətin və vətəndaşların üzərinə nə kimi vəzifələr düşür?
- Həqiqətən də bütün dünya çox ağır situasiya ilə üz-üzədir. Bir az keçmişə qayıtsaq, görərik ki, tarixdə bu cür epidemiyalar zaman-zaman olmuşdur. XIV əsrin 50-ci illərində Avropanı bürüyən vəba epidemiyası əhalinin 3 faizinin ölümünə səbəb olmuşdu. Bu xəstəlik Orta Şərq, Hindistan və Çin də daxil olmaqla, təxminən 75 milyon insanın ölümü ilə nəticələnmişdi. Su çiçəyi xəstəliyi XVIII əsrdə hər il orta hesabla 400 min insanın ölümünə səbəb olurdu. 1918-1920-ci illərdə “İspan atəşi” dünyanı bürümüşdü. Maraqlıdır ki, bu xəstəlik həmin dövrdə başa çatmaqda olan Birinci Dünya Müharibəsi zamanı həlak olanlardan daha çox adamın ölümünə səbəb olmuşdu. Göründüyü kimi, müxtəlif zamanlarda epidemiyalar olub və bundan sonra da olacaq. Bəs belə epidemiyalar baş verərkən dövlət və vətəndaş nə etməlidir ki, vəziyyətdən ən az itki ilə çıxmaq mümkün olsun? Bu zaman hər iki tərtəfin üzərinə ciddi vəzifələr düşür. Dövlət vətəndaşlarının qoruyucusu və ehtiyacı olanların təminatçısı rolunda çıxış etməlidir. Vətəndaşlar isə dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməlidirlər. Yalnız bu cür həmrəylik nəticəsində ən az itkilərlə vəziyyətdən çıxmaq olar.
- Baş verənlər fonunda səhiyyə sisteminin özəlləşdirilməsi ilə bağlı dünyada gedən proseslərə də diqqət yetirmək yerinə düşərdi. Sizin fikrinizcə, səhiyyə sisteminin özəlləşdirilməsi məsələsi indi nə qədər aktualdır?
- Bildiyiniz kimi, AMEA İqtisadiyyat İnstitutu iqtisadiyyata dövlət müdaxiləsinin ölçülməsi ilə bağlı bir neçə ildir tədqiqatlar aparır. Bu tədqiqatlar həm də sahəvi xarakter daşıyır. Səhiyyə sisteminin özəlləşdirilməsi ilə bağlı məsələlər keçən əsrin 80-ci illərindən daha da aktuallaşmışdr. Son 20 ildə beynəlxalq təşkilatlar (Dünya Bankı, Beynəlxalq Valyuta Fondu) bir sıra ölkələrdə səhiyyə sisteminin özəlləşdirilməsinə ciddi şəkildə təsir göstəriblər. Maraqlıdır ki, səhiyyə sistemindəki liberal islahatlar “rifah dövlətləri” üçün də xarakterikdir. 1980-ci illərdə “rifah dövlətləri”ndə baş verən böhranlar Avropada səhiyyə sisteminin neoliberal modelini “yaratmışdır”. Ümumiyyətlə, səhiyyə sistemindəki liberal islahatların əsasını maliyyələşmə təşkil edir. Müasir səhiyyə sisteminin maliyyələşdirilməsində, yeni texnologiyaların, innovasiyaların tətbiqində Avropanın bəzi ölkələri problemlərlə qarşılaşırlar. Almaniyanın səhiyyə sahəsində restruktrizasiya islahatları 1990-cı illərdən başlamışdır. Bunun ən bariz işarətləri xəstəxanaların və xəstəxana çarpayılarının sayının azalması və özəlləşdirmə prosesi idi. Xəstəxanaların özəlləşdirilməsi isə böyük büdcə kəsirindən qaynaqlanırdı. Niderland səhiyyə sistemində liberallaşdırma prosesinə daha tez başlamışdır. İngiltərənin səhiyyə sistemində islahatlar isə 1948-ci ildən start götürüb. 2012-ci ildən isə liberallaşma prosesi güclənmişdir ki, bu da səhiyyə sistemində struktur islahatlarını dərinləşdirmişdir.
Qeyd edim ki, səhiyyə sistemindəki liberallaşma prosesinin tərəfdarları ilə yanaşı, əleyhdarları da var. Almaniyanın səhiyyə sistemində islahatlar keçən əsrin 90-cı illərindən başlasa da, indi də siyasi mübarizə mövzusu olmaqda davam edir. Kanadalılar səhiyyə sisteminə dövlət müdaxiləsi səviyyəsinin yüksək olması qənaətindədirlər və tibbi xidmətlərin bazarın ixtiyarına verilməsinə qarşıdırlar. Səhiyyə sisteminə dövlət müdaxiləsinin ölçülməsi ilə bağlı apardığımız tədqiqatlar dövlətin səhiyyə sisteminə çox müdaxiləsinin əhalinin sağlamlıq göstəricilərinə daha yaxşı təsir göstərdiyini isbat edir. Hazırki pandemiya dövründə dünyadakı bu sahədəki real mənzərə də bizim tədqiqatlarımızın nəticələrini bir daha təsdiqləyir.
- Rəsmiyyə xanım, apardığınız həmin tədqiqatlar haqqında bir qədər geniş məlumat verməyinizi istərdik. Çünki mövcud vəziyyətdən çıxış yolları axtarıldığı bir zamanda dövlətin səhiyyə sisteminə, ümumiyyətlə, iqtisadiyyata müdaxilə səviyyəsi olduqca vacib bir məsələdir.
- Bəli, bu nəinki hazırda, hər zaman üçün aktual məsələdir. Çünki iqtisadi sistemin səmərəliliyi bundan asılıdır. Bizim metodologiyamız Səhiyyə Sisteminin Liberallığı (Dirijistliyi) İndeksi adlanır. Bu indeks AMEA İqtisadiyyat İnstitutunun hər il dərc etdiyi İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksinin metodologiyasına müvafiq şəkildə hazırlanmışdır. Səhiyyə Sisteminin Liberallığı (Dirijistliyi) İndeksi 4 alt-göstərici (ümumi səhiyyə xərclərində əhalinin ödənişləri nəzərə alınmır) dövlət səhiyyə xərclərinin payı, əhalinin sosial-tibbi sığorta (icbari tibbi sığorta) ilə əhatə olunma səviyyəsi, dərman alışı zamanı tətbiq edilən ƏDV və işəgötürənlər üçün tibbi sığorta tarifləri) əsasında hesablanır. Onu da qeyd edim ki, səhiyyə sistemi ilə bağlı belə bir metodologiya dünyada ilk dəfə olaraq AMEA İqtisadiyyat İnstitutu tərəfindən hesablanmışdır. Bu metodologiya bizə imkan verir ki, hər hansı bir ölkədə dövlətin səhiyyə sisteminə müdaxilə səviyyəsinin artırılmasının və ya azaldılmasının zəruri olduğunu deyə bilək. Buradan əldə olunan düzgün nəticələr isə həmin ölkələrdə əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
- Səhiyyə sisteminin səmərəliliyi, həm də bu sahəyə ayrılan vəsaitlərdən asılıdır, elə deyilmi?
- Tamamilə haqlısınız. Səhiyyə sisteminin səmərəliliyi bu sistemə ayrılan vəsaitlərdən, xüsusilə də dövlət vəsaitlərindən birbaşa asılıdır. Apardığımız tədqiqatlar göstərir ki, səhiyyə xərcləri ilə əhalinin sağlamlığı arasında yüksək korrelyasiya asılılığı vardır. Dövlət səhiyyə xərclərinin yüksək olduğu ölkələrdə sağlamlıq göstəriciləri də yaxşı vəziyyətdə olur. Sağlamlıq göstəricilərinin aşağı olduğu ölkələrdə dövlət səhiyyə sahəsinə ayırdığı vəsaitləri artırmalıdır. Ümümdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus qeyd etmişdir ki, səhiyyəyə ayrılan vəsaitlər əlavə xərc deyil, əksinə yoxsulluğun azaldılmasına qoyulan investisiya, iş yerlərinin yaradılması, məhsuldarlığın yüksəldilməsi, hərtərəfli iqtisadi artım və daha sağlam, təhlükəsiz və ədalətli cəmiyyət deməkdir. Səhiyyə sisteminə qoyulan vəsaitlər həm də insan kapitalına yatırılan sərmayədir. Bu gün dünyanın inkişafı insan kapitalına qoyulan investisiyaya əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə haqlı olaraq qeyd etmişdir ki, biz neft kapitalını insan kapitalına çevirməliyik.
- XXI əsri informasiya texnologiyaları, 4-cü sənaye inqilabı əsri də adlandırırlar. Amma bu cür texnoloji inkişafın bir sıra sosial problemlər yaradacağı da proqnozlaşdırılır.
- Haqlısınız. Əvvəlcə onu qeyd edim ki, COVİD-19 pandemiyası da işsizliklə bağlı problemlər yaradacaq. Beynəlxalq Əmək Təşkilatı 3 (pis, orta, yaxşı) ssenari üzrə proqnoz vermişdir. Bu proqnozlara əsasən, dünyada işsizliyin səviyyəsi yaxşı ssenari üzrə 5,3 milyon, orta ssenari üzrə 19 milyon, pis ssenari üzrə 24,7 milyon nəfər artacaqdır. Müqayisə üçün qeyd edim ki, 2008-2009-cu illər böhranı zamanı işsizlərin sayının artımı 22 milyon nəfər olmuşdur. 4-cü sənaye inqilabının yaradacağı sosial problemlər içərisində işsizlik ön yerdə olacaq, insanlar iş yerini itirəcək. Bununla yanaşı, çoxsaylı yeni iş yerləri də yaranacaq, lakin bu iş yerlərini daha bacarıqlı və səriştəli mütəxəssislər tələb edəcək. Böyük şirkətlərdə çalışan işçilərin təqribən yarısı peşəsini dəyişmək, bacarıq və səriştələrini artırmaq məcburiyyətində qalacaqlar. Odur ki, innovativ və kreativ mütəxəssislərə ciddi ehtiyac yaranacaq. Əmək bazarında informasiya texnologiyaları üzrə mütəxəssislərə tələbat artacaq.
- Belə bir durumda səhiyyə sisteminin gələcəyini necə görürsünüz?
- Əvvəldə də qeyd etdim ki, epidemiyalar olub və gələcəkdə də olacaq. Bunlar qaçılmazdır. Odur ki, səhiyyə sistemləri bu epidemiyalardan qorunmaq və onun ziyanlarının azaldılmasına hazır vəziyyətə gətirilməlidir. Yəni preventiv tədbirlərin görülməsinə, səhiyyə sahəsində islahatlara ehtiyac var. Xüsusən də, səhiyyə sahəsində rəqəmsallaşma prosesi sürətləndirilməli, tibbi tədqiqatlara çəkilən xərclər artırılmalıdır. Epidemiya öz təhlükəsiz gələcəyini və daha dayanıqlı səhiyyə sistemini qurmaq istəyən bütün ölkələri bu sahəyə diqqəti artırmağa sövq edəcək.
- Maraqlı müsahibə üçün təşəkkür edirik.