Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Nazim Müzəffərli “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda onlayn elmi konfransda çıxış edib

  • Oxunub 1111 dəfə

 Mayın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli”  mövzusunda onlayn elmi konfrans keçirilib.

  Tədbiri giriş sözü ilə Universitetin rektoru, professor Gülçöhrə Məmmədova açıb. Plenar iclasda Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili,  akademik Ziyad Səmədzadə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika məsələləri şöbəsinin müdiri, i.e.d., prof. Elşən Hacızadə “Qlobal çağırışlar və milli enerji sektorunda inkişafın yeni hədəfləri”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru i.e.d. Vüsal Qasımlı “Azərbaycan iqtisadiyyatının inkişaf modeli”,  AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., prof. Nazim Müzəffərli (İmanov) “İqtisadi inkişaf strategiyası seçiminə yanaşmalar haqqında” və  Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) i.e.d., prof. Elşad Məmmədov “Yeni çağırışlar kontekstində Azərbaycanın iqtisadi siyasəti” mövzularında məruzə ilə çıxış ediblər.

 Prof. Nazim Müzəffərli məruzəsində AMEA İqtisadiyyat İnstitutunda aparılan İS(S)İ İndeksi elmi tədqiqatları və onun nəticələri, dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsinin ölçülməsi, qiymətləndirilməsi, dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifləşdirilməsi, öyrənilən 95 ölkə üzrə iqtisadiyyatların liberallıq və dirijistlik səviyyəsi, onların başlıca xüsusiyyətləri, sağçı və solçu ölkələrin fərqli inkişaf səviyyəsi və s. barədə danışıb. Bildirib ki, AMEA İqtisadiyyat İnstitutunun qiymətləndirmələrinə görə, Azərbaycan aralıq iqtisadiyyat modelinə malikdir. Böhran dövrlərində adətən dövlətlərin iqtisadiyyata müdaxiləsi artır ki, yaxın 2 ildə bu cür prosesin müşahidə olunacağı gözləniləndir. Bununla belə, uzunmüddətli dövr üçün Azərbaycanda liberal iqtisadi islahatlar davam etdirilməlidir.

 Sonra konfans öz işini bölmə iclaslarında davam etdirib, məruzələr dinlənilib.  Onlayn konfransa AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları da qatılıblar (economics.com.az).