Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi”nə həsr edilmiş fundamental tədqiqat əsəri

  • Oxunub 527 dəfə

 Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif tərəfləri ilə bağlı coxsaylı kitablar, məqalələr, bədii əsərlər, sənədli oçerklər yazılmasına və filmlər çəkilməsinə baxmayaraq, onun inkişaf strategiyasının sosial-iqtisadi və demoqrafik nəticələrini özündə tam şəkildə əks etdirən kompleks xarakter daşıyan tədqiqat əsəri yoxdur. Bu baxımdan, tanınmış iqtisadçı alim, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradovun ulu öndər Heydər Əliyevin əziz xatirəsinə və onun Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə birinci dəfə gəlməsinin 50 illiyinə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)” (Bakı, “Avrora” nəşriyyatı, 2019; 594 səhifə) adlı kitabı xüsusi maraq  doğurur və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Əsil vətəndaşlıq, ziyalılıq və alimlik mövqeyindən çıxış edərək özünün 60 ilə yaxın elmi yaradıcılığının böyük bir hissəsini ulu öndərin inkişaf strategiyasının əsas istiqamətlərinin və onun sosial-iqtisadi və demoqrafik nəticələrinin tədqiqinə və təbliğinə həsr etmiş professor Şahbaz Muradov oxuculara təqdim etdiyi həmin kitabının əvvəlində ilk növbədə Heydər Əliyevin onun həyatında oynadığı roldan və həm də özünün hələ keçmiş SSRİ EA Rəyasət Heyəti nəzdində fəaliyyət göstərmiş “Əhali sakinliyinin sosial-iqtisadi problemləri” Elmi Şurasının üzvü olarkən bu xətlə SSRİ-nin müxtəlif ərazilərində - istər Moskvada, Leninqradda, Kiyevdə, Minskdə, Aşqabadda, Daşkənddə, Riqada, doğma Bakımızın və respublikamızın müxtəlif regionlarında keçirilmiş onlarca simpozium, konqres, konfrans və seminarlardakı məruzə və çıxışlarında, istərsə də respublikamızda və onlarla xarici ölkələrdə çap etdirdiyi 500-dən çox kitab və məqalələrində ulu öndərin iqtisadi və sosial siyasətinin mahiyyəti və onun şəxsi keyfiyyətlərinin ictimaiyyətə çatdırılması sahəsindəki xidmətlərindən, habelə keçən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü vəzifələrində çalışdığı vaxtlarda erməni mafiyasından və onların dəyirmanına su tökən bəzi uzdəniraq milli satqınlar tərəfindən onun əleyhinə yazılıb Moskvaya göndərilən çoxsaylı anonim məktublarda, Moskva və Bakıda çap edilən bəzi qəzetlərdə yer almış böhtan və yalanlara qarşı apardığı mübarizəsindən və qarayaxmaları necə ifşa etməsindən bəhs edir. Həmin illərdə çap olunmuş və bu kitabda yenidən öz əksini tapmış məqalələrinin birində prof. Ş.Muradov üzünü həmin milli satqınlara və ünsürlərə tutaraq yazmışdır: “Hər kəs unutmamalıdır ki, Heydər Əliyevin böyük şəxsiyyət kimi, xalqımızın əvəzsiz lideri kimi, görkəmli dövlət xadimi kimi və nəhayət, Azərbaycan xalqının və Azərbaycanımızın xilaskarı kimi hamımızın boynunda, bütün dünya azərbaycanlılarının boynunda böyük haqqı vardır və onu  qorumaq bütünlükdə xalqımızın borcudur”.

Bununla da prof. Ş.Muradov ulu öndərin əziz xatirəsinə və keçdiyi böyük yola həsr etdiyi təqdim edilən kitabın yazılmasında mənəvi haqqı olduğunu oxucularının diqqətinə çatdırmış olur. Bunu elə ulu öndərin özünün  Ş.Muradov haqqında 24 avqust 1995-ci ildə professorun da üzvü olduğu Azərbaycan Respublikasının Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşündə söylədiyi aşağıdakı fikirləri də təsdiq edir. “1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbərliyə gəldikdən sonra gəlib burada mənim fəaliyyətimə qara yaxmağa başladığı vaxt Moskvada nəşr olunan “Вопросы экономики” adlı çox nüfuzlu jurnalın 6-cı nömrəsində Şahbaz Muradovun məqaləsi çap edilmiş və o, həmin məqalədə mənim respublikadakı fəaliyyətim haqqında çox müsbət fikirlər yazmışdır. Görünür ki, ədalətli adamlarda var imiş”. Tədqirəlayiq haldır ki, müəllif həmin məqaləni təqdim edilən bu kitabın 67-93-cü səhifələrində yenidən çap etdirərək oxucuların diqqətinə çatdırmışdır.

Sonra Şahbaz Muradov həmin əsərində dahi şəxsiyyət Heydər Əliyevin tükənməz və əvəzsiz xidmətləri, reallıqları əks etdirən zəngin rəsmi statistik məlumatların toplanması və təhlil edilib ümumiləşdirilməsi və şəxsi müşahidələri əsasında respublikada ilk dəfə olaraq son 50 il ərzində ölkə iqtisadiyyatında və onun mühüm sahələrinin inkişafında, o cümlədən əhalinin təkrar istehsalı, miqrasiya prosesləri, yaş-cins tərkibi, etno-demoqrafik  quruluşu, ömür uzunluğu, sağlamlığı, demoqrafik inkişaf göstəriciləri, məşğulluq və işsizlik səviyyəsi, elm və təhsilin inkişafı və əhalinin yaşayış səviyyəsi və həyat keyfiyyətində baş vermiş köklü inqilabi dəyişikliklərdə ulu öndər Heydər Əliyevin inkişaf strategiyası və siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeganə doğru və müstəqil siyasətin rol və əhəmiyyəti kompleks halında tədqiq edilib aşkara çıxarılaraq elmi ictimaiyyətin, dövlət və hakimiyyət orqanlarında çalışanların və geniş oxucu kütləsinin diqqətinə çatdırmışdır. Prof. Şahbaz Muradov kitabın əvvəlində Prezident İlham Əliyevin qeyd etdiyi: “Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir” - sözlərini əsas tutaraq apardığı araşdırmalarını həmin istiqamətə yönəltmiş və kitabın təsnifatını ona uyğunlaşdırmışdır. Kitabda qeyd olunur ki, ulu öndərin Azərbaycana rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhran keçirdiyi illərə təsadüf  etmişdir. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr (1969-1982-ci illər) respublika iqtisadiyyatının bərpası və dinamik inkişaf dövrü, ikinci  dövr (1993-2003-cü illər) isə Azərbaycanın “ÖLÜM, ya OLUM” dilemmasından xilas edilməsi və onun qurtuluşu kimi tarixin yaddaşına həkk olunmuşdur. Müəllif xüsusi olaraq qeyd edir ki: “Müstəqil Azərbaycan dövlətinin memarı, yeni Azərbaycanın qurucusu olan və xalqından heç nəyi əsirgəməyən bu böyük insan sözün əsl mənasında ömrünü öz xalqının yolunda şam kimi əritdi, demək olar ki, şəhid oldu”. Müəllif kitabda xalqımızın arzusunu reallığa çevirmiş ulu öndərin Azərbaycana rəhbərlik etdiyi iki dövrün təsnifatını verərək qeyd edir ki, onun Azərbaycana bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti, 10 ili (1993-2003-cü illər) isə Azərbaycanın müstəqillik illərinin payına düşür. Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan keçən 50 ilin 16 ili isə (2003-2019-cu illər) cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdür. Ümumiyyətlə, götürüldükdə isə bu 50 illik dövrün 22 ili (1969-1991-ci illər) ölkədə Sovet hakimiyyəti, 28 ili isə müstəqillik illərinə təsadüf edir. Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri-bərpa və dinamik inkişaf  mərhələləri; cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr isə ölkənin inkişafının keyfiyyətcə yeni mərhələsi kimi tarixə düşmüşdür. Beləliklə, Azərbaycanın müasir tarixi dahi şəxsiyyət olan ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, dünyanın ən islahatçı Prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır.

Kitabda diqqətçəkən ən mühüm məsələlərdən biri də onun araşdırmasının kompleks xarakter daşıması və ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının nəinki sosial-iqtisadi və həm də sosial-demoqrafik nəticələrinin dərindən tədqiq edilib öyrənilməsindən ibarətdir. Kitabda öncə ulu öndər Heydər Əliyevin həm birinci dəfə (14 iyul 1969-cu il) Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə gəlişi ərəfəsində respublika iqtisadiyyatının bütünlükdə dərin və uzun müddətli böhran mərhələsinə qədəm qoyması; ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial-demoqrafik, mədəniyyət, təhsil, elm, mənəvi-psixoloji və sair sahələrini əhatə edən çətinliklər və problemlərlə üz-üzə qalması və sosial-iqtisadi inkişafın bir çox mühüm göstəriciləri səviyyəsinə görə keçmiş ittifaq respublikaları arasında sonuncu yerlərdən birini və həm də ikinci dəfə rəhbərliyə gəlişi dövründə (15 iyun 1993-cü il) Azərbaycanın tarixdə düşdüyü ən ağır və fəlakətli “ÖLÜM, ya OLUM” dilemması ilə üz-üzə qalmasının yaranması səbəbləri dərindən və hərtərəfli təhlil edilib aşkara çıxarılaraq qiymətləndirilmiş və ulu öndərimizin hər iki dəfə Azərbaycanımızı həmin ağır və böhranlı vəziyyətlərdən necə qəhrəmanlıqla çıxardığını ətraflı şərh etmişdir. Müəllif qeyd edir ki, respublika iqtisadiyyatının bütövlükdə, dərin və uzunmüddətli böhran vəziyyətinə qədəm qoyduğu və sosial-iqtisadi həyatın bütün sahələrində geridə qalaraq iqtisadi inkişafın bir çox mühüm göstəriciləri səviyyəsinə görə keçmiş ittifaq respublikaları arasında axırıncı yerlərdən birini tutduğu şəraitdə - 14” iyul 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilərkən Heydər Əliyev çox gözəl başa düşürdü ki, millətin siyasi müstəqilliyi onun iqtisadi azadlığından keçir. Nəzərə alaraq ki, həmin illərdə respublikamızı düşdüyü ağır vəziyyətdən çıxarmağın yollarının axtarılıb tapılmasını, prinsipcə yeni konseptual səviyyə əsasında ölkənin inkişaf planlarının işlənib hazırlanmasına, xalq təsərrüfatında köklü struktur dəyişikliklərinin aparılmasına, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni metodların tətbiq edilməsinə böyük ehtiyac var, onda  ulu öndər özünün rəhbərliyi və bilavasitə iştirakı ilə uzun müddətə Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasının hazırlanmasına qərar verdi. 1969-cu ilin 14 iyulunda respublikanın rəhbəri vəzifəsinə gəlmiş Heydər Əliyev cəmi 21 gün sonra onun təşəbbüsü və rəhbərliyi ilə 5-12 avqust 1969-cu il tarixlərində Azərbaycan KP MK-nın Plenumu keçirildi. Azərbaycan tarixinə “1969-cu ilin məşhur avqust plenumu” kimi düşmüş plenumundakı məruzəsində Heydər Əliyev Azərbaycanın xalq təsərrüfatında yaranmış böhran vəziyyəti və onun uzun illər ərzində geridə qalması səbəbləri hərtərəfli təhlil edilib aşkara çıxarılmış və həmin vəziyyətdən çıxmağın yolları müəyyənləşdirilmişdir. Bu plenumdan dərhal sonra Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə, uzun müddətə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və taktikası işlənib hazırlanmış və həyata keçirilməyə başlanıldı.

Kitabda qeyd edilir ki, Heydər Əliyevin keçmiş ittifaqdabütün dünyada günü-gündən artan nüfuzu və hörməti, habelə gələcəyi görmək qabiliyyəti sayəsində onun təkidi və tələbi ilə SSRİ höküməti tərəfindən 1970, 1975, 1976 və 1979-cu illərdə Azərbaycan Respublikasında xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafı ilə bağlı beş xüsusi qərarın qəbul edilməsi xalqımızın həyatında sözün əsl mənasında tarixi hadisə oldu. Müəllif kitabda bu məsələdən ətraflı bəhs edərək qürur hissi ilə qeyd edir ki, ulu öndərin rəhbərliyi ilə bu qərarların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində Azərbaycan Respublikası keçmiş ittifaq respublikaları arasında ən qabaqcıl yerə çıxmış, böyük nailiyyətlər qazanaraq 1970-1982-ci illərdə iqtisadi artım sürətinə görə orta ittifaq səviyyəsini xeyli ötüb keçə bilmişdir. Bu illər ərzində Azərbaycanda istehsal olunmuş milli gəlirin həcmi 2,6 dəfə; sənaye istehsalının həcmi 2,7 dəfə; kənd təsərrüfatı məhsulunun həcmi 2,3 dəfə; əmtəə dövriyyəsi 2,1 dəfə; əhaliyə göstərilən xidmətlər 2,0 dəfə artmışdır. 1970-1980-cı illərdə ölkə iqtisadiyyatına yönəldilmiş kapital qoyuluşunun həcmi 1920-1970-ci illəri əhatə edən 50 il ərzində olduğundan 2,1 dəfə; kənd təsərrüfatında 4,2 dəfə; sənayedə 2,1 dəfə; nəqliyyat və rabitədə 2,2 dəfə; tikintidə 3,6 dəfə; mənzil tikintisində (fərdi tikinti) 1,9 dəfə çox olmuşdur. Bu illərdə respublikamızda 249 iri sənaye müəssisəsi tikilib işə salınmış, sənayenin strukturu Azərbaycan üçün yeni olan elektrotexnika, radiotexnika və başqa mütərəqqi sənaye sahələrinin, kənd təsərrüfatının quruluşu isə pambıqçılıq və üzümçülük kimi əmək tutumlu sahələrin inkişafı hesabına dəyişdirilib təkmilləşdirilmişdir. Nəticədə, ölkə iqtisadiyyatında məşğul olanların sayı 1970-ci ildəki 1543,0 min nəfərdən 2357,0 min nəfərə gəlib çatmış və ya 1,5 dəfə artmışdır ki, bu artım səviyyəsi də orta ittifaq səviyyəsindən 2,3 dəfə yüksəkdir.

Müəllif kitabda böyük qürur hissi ilə onu da qeyd edir ki, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə xalq təsərrüfatı planlarının vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilməsinə görə respublikamız 1970-ci ildən başlayaraq 13 il ardıcıl olaraq o vaxtlar sovet  dövlətinin ən yüksək mükafatı sayılan SSRİ-nin Keçici Qırmızı bayraqları ilə, respublika vətəndaşlarının isə 1,1 mln.  nəfəri keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə, o cümlədən 1007 nəfər Lenin ordeni; 10130 nəfər Qırmızı Əmək Bayrağı ordeni; 1422 nəfər Oktyabr İnqilabı ordeni;  1153 nəfər Xalqlar Dostluğu ordeni ilə təltif edilmiş; 108 nəfər Sosialist Əməyi Qəhrəmanı adına, onlardan iki nəfər, o cümlədən Heydər Əliyev ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Kitabda qeyd edilir ki, o dövrdə Heydər Əliyevin ən böyük və əvəzsiz xidmətlərindən biri də respublikamız üçün əlahiddə əhəmiyyəti olan yüksək ixtisaslı kadrların, xüsusilə də milli kadrların hazırlanması və onların düzgün seçilib yerləşdirilməsindən ibarət olmuşdur. 1969-1982-ci illərdə respublikamızda olan ali məktəblərin sayı 12-dən 17-yə, onlarda təhsil alanların sayı isə təqribən 43,0 faiz artaraq, 70 min nəfərdən 100 min nəfərə; xalq təsərrüfatında məşğul olan ali və orta  ixtisaslı kadrların sayı isə 2,2 dəfədən çox artaraq 274 min nəfərdən 606,2 min nəfərə çatmışdır. Respublikamızın xalq təsərrüfatı təkcə 10-cu və 11-ci beşilliklərdə 400 min nəfərdən çox ali və orta ixtisaslı mütəxəssis almışdır. Həmin illərdə keçmiş SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa iri şəhərlərinin ən nüfuzlu ali məktəblərinə Azərbaycandan təhsil almaq məqsədilə hər il orta hesabla 700-800 nəfərin göndərilməsi artıq ənənə halını almışdır. 1969-cu ildə onların sayı cəmi 47,0 nəfər təşkil edirdi ki, onların böyük əksəriyyəti başqa millətlərin nümayəndələrinin payına düşürdü. Keçən əsrin 80-ci illərində isə onların sayı ildə 1000-1400 nəfərə çatdırılmışdır ki, onların da çoxunu azərbaycanlı oğlan və qızlar təşkil etmişlər. 1981-ci ildə qeyd edilən şəhərlərdə 244 ixtisas üzrə 3600,0 nəfər azərbaycanlı gənc təhsil almışdır. 1972-ci ildən başlayaraq hər il 300-400 nəfər azərbaycanlı gənc təhsil almaq üçün müxtəlif hərbi məktəblərə göndərilmiş və 1980-ci illərin əvvəllərində onların sayı 800-1000 nəfərə çatdırılmışdır. Ümumiyyətlə götürüldükdə, həmin illərdə qeyd edilən ali məktəblərdə Azərbaycan Respublikası üçün 18,0 min nəfərdən çox mütəxəssis hazırlanmışdır. Kitabda qeyd edilir ki, ulu öndər elmi kadrların hazırlanmasına da xüsusi həssaslıq və qayğı ilə yanaşırdı. O, deyirdi: “Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirənlər gəlsinlər”. 1969-1982-ci illərdə, təkcə Azərbaycan Elmlər Akademiyasında çalışan elmi işçilərin sayı 45,6 faiz artaraq 3431,0 nəfərdən 4995,0 nəfərə, o cümlədən elmlər doktorlarının sayı 1,5 dəfədən çox artaraq 188,0 nəfərdən 285,0 nəfərə, elmlər namizədlərinin sayı isə 1,6 dəfədən çox artaraq 1275,0 nəfərdən 2068,0 nəfərə çatmışdır.

Bütün bunların nəticəsində 1969-1982-ci illərdə Azərbaycanın güclü iqtisadi və kadr potensialı formalaşdı. Təsadüfi deyildir ki, SSRİ-nin dağılması ərəfəsində onun tərkibində olmuş 15 müttəfiq respublikadan yalnız ikisi: Azərbaycan və Rusiya tam müstəqil olaraq öz iqtisadiyyatını idarə etmək imkanına malik idi. Həmin dövrdə Azərbaycanın iqtisadi və kadr potensialının belə yüksək səviyyəyə gəlib çıxması, Azərbaycanın keçmiş ittifaqda və dünyada tanınmasının səbəbi ona ulu öndərin rəhbərlik etməsi ilə bağlıdır. Bu, ulu öndərin öz vətəninə və millətinə nə qədər böyük məhəbbətlə bağlı olmasının təzahürüdür. “Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəm” deyən ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikasının yenə də ağır vəziyyətə düşdüyü və “ÖLÜM, ya OLUM” dilemması ilə üz-üzə qaldığı bir vaxtda – xalqımızın böyük əksəriyyətinin təkidi ilə yenidən, yəni ikinci dəfə Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə gəlməsi xalqımızın qurtuluş günü kimi onun tarixinə həkk olundu. Ulu öndər yenidən respublikamızın rəhbəri vəzifəsinə qayıtdıqdan sonra bir daha Azərbaycanda həyata keçirilən bütün iqtisadi islahatların və köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi olmuşdur. Müəllif yazır ki, Ulu öndərin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilmiş, ölkəmiz Avropa Şurasının tam üzvlüyünə qəbul edilmiş; məşhur “Əsrin müqaviləsi” imzalanmış və neft strategiyası işlənib hazırlanmış, dünyanın bir çox super dövlətləri ilə neft kontraktları bağlanmış, qədim İpək yolu bərpa olunmağa və bu məqsədlə TRASEKA proqramı həyata keçirilməyə başlamış, dünyanın 65-dən çox ölkəsi ilə iqtisadi əlaqələrimiz möhkəmlənmişdir.

 1993-cü ildə Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar öz bəhrəsini verdi. Belə ki, 1996-cı ildən başlayaraq, əsas makroiqtisadi göstərici sayılan ÜDM-in istehsalı yüksəlməyə başladı və 1995-ci illə müqayisədə 2003-cü ildə 1,9 dəfə artdı. Bu illər ərzində xarici ticarət dövriyyəsi 4,0 dəfə, dövlət büdcəsinin gəlirləri isə 3,9 dəfə yüksəldi. 1993-2003-cü illərdə respublikamızda 3,0 minə qədər yeni sənaye müəssisəsi açıldı. 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”–nin imzalanması ilə yeni bir mərhələ başladı. “Əsrin müqaviləsi” nəinki neft sektorunun inkişafına təkan verdi, aparılan islahatlar əhalinin ümumi vəziyyətinə də müsbət təsir etməyə başladı. Belə ki, 1993-2003-cü illərdə əhalinin pul gəlirləri 17,9 dəfə artdı.

Kitabda qeyd edilir ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun Azərbaycan elminin məbədgahı sayılan Azərbaycan Elmlər Akademiyasına daim hamilik etməsi, keçən əsrin 70-ci illərində bu elm ocağına dünya şöhrəti qazandırması, 90-cı illərin əvvəllərində isə onun bağlanmasının qarşısını alıb yenidən dirçəldilməsinə nail olmasıdır. Onun “15” may 2001-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına ən yüksək ali dövlət elm təşkilatı statusu verilmişdir. Ulu öndərimizin “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir, onu qoruyub saxlamaq lazımdır... Biz Akademiyanın hörmətini qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, Akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin”- deməsi Milli Elmlər Akademiyamızın hələ üzün illər bundan sonra da yaşayıb fəaliyyət göstərəcəyinə bizdə əminlik yaradır. Ona görə də müəllif haqlı olaraq yazır ki, bu gün Akademiyamızın yaşayıb fəaliyyət göstərməsi üçün biz ulu öndərimiz Heydər Əliyevə və onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev cənablarına minnətdar olmalıyıq.

Kitabda müəllifin diqqət yetirdiyi ən mühüm məsələlərdən biri də ölkənin demoqrafik vəziyyətində baş vermiş müsbət dəyişikliklərdə əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, işsizlik səviyyəsinin azaldılması, elmin, təhsilin, səhiyyənin inkişafında əhalinin həyat səviyyəsi və keyfiyyətinin yüksəldilməsində ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin rolunun dərindən təhlil edilib öyrənilməsi və qiymətləndirilməsindən, habelə bu məsələ ilə bağlı elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyyələrin verilməsindən ibarətdir. Müəllif qeyd edir ki, ölkənin gələcək inkişaf istiqamətlərini demoqrafik inkişaf konsepsiyasız təsəvvür etmək olmaz. Bunu nəzərə alan Heydər Əliyev böyük uzaqgörənliklə hələ keçən əsrin 80-ci illərinin əvvəllərində Azərbaycan KP-nin XXX qurultayındakı məruzəsində ilk dəfə olaraq dövlət səviyyəsində “Respublikanın demoqrafik inkişafı və əhalinin işlə təmin olunması üçün elmi surətdə əsaslandırılmış uzunmüddətli konsepsiya”-nın işlənib hazırlanması vəzifəsini irəli sürmüş və qeyd etmişdir ki: “Məhsuldar qüvvələrin yerləşdirilməsini daha da təkmilləşdirmək lazımdır. Söhbət respublikada ictimai istehsalda çalışan əmək qabiliyyətli əhalinin xüsusi çəkisinin yüksək olduğu, bu əhalinin çevik hissəsinin, xüsusən cavan oğlanların işləmək üçün, əsasən Bakı şəhərinə getmək istədiyi ayrı-ayrı zonaların və rayonların iqtisadi inkişaf səviyyələrini planauyğun şəkildə bərabərləşdirməkdən gedir. Başqa çətinliklərlə yanaşı, bu da gələcəkdə əhalinin artması üçün demoqrafik çətinliklər  yaradacaqdır”. Buna görə onun elmi rəhbərliyi və bilavasitə iştirakımızla ulu öndər Heydər Əliyevin “28” dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli Sərəncamları ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Konsepsiyası” (1999-cu il)“Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət proqramı” (2004-2008-ci illər), habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq strategiyası(2006-2015-ci illər) işlənib hazırlanmışdır. Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan demoqrafiya siyasətinin və sair kompleks sosial-iqtisadi siyasət tədbirlərinin respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan Respublikasında əhalinin sayı son 50 il ərzində təqribən iki dəfə artaraq 1969-cu ildəki 5009,5 min nəfərdən 2019-cu ilin aprel ayının əvvəlinə 10,0 mln. nəfərə, İlham Əliyevin prezidentliyi dövründə isə 1 mln. 730 min nəfərdən çox yəni, 20,9 faiz artaraq 8,2 mln. nəfərdən 10,0 mln. nəfərə gəlib çatmışdır. Çox müsbət haldır ki, bütün əvvəlki dövrlərdən fərqli olaraq, 2008-ci ildən başlayaraq respublikamızda əhalinin miqrasiya qalığı (saldosu) müsbət xarakter almışdır. Daha doğrusu, daimi yaşamaq üçün başqa yerlərdən ölkəmizə gələnlərin sayı ölkəmizi tərk edib gedənlərin sayını üstələmişdir. Belə ki, əgər son 10 il ərzində (2008-2018-ci illərdə) ölkəmizi tərk edib daimi yaşamaq üçün başqa ərazilərə gedənlərin sayı 13,6 min nəfər təşkil etmişdirsə, daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı ondan 2,2 dəfə çox - 29,7 min nəfər olmuş, yəni əhalinin miqrasiya qalığı (saldosu) müsbət 16,1 min nəfər təşkil etmişdir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində (2003-2018-ci illərdə) respublikamızda 2,0 milyondan çox yeni iş yerləri yaradılmış və onun 1,4 mln. və ya 70,0 faizini daimi iş yerləri təşkil etmişdir. Ölkədə yaradılmış yeni iş yerlərinin 72,0 faizi respublikamızın regionlarının payına düşmüşdür. İşsizlik səviyyəsi isə təqribən 2,0 dəfə azalaraq 9,7 faizdən 5,0 faizə enmişdir.

Daha sonra kitabda qeyd olunur ki, İlham Əliyev cənablarının respublikaya rəhbərlik etdiyi 15 il ərzində (2003-2018-ci illər) ölkə iqtisadiyyatının həcmi 3,2 dəfə; sənaye istehsalının həcmi 2,2 dəfə; kənd təsərrüfatı 1,7 dəfə; dövlət büdcəsinin gəlirləri 16,1 dəfə; dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri 11,4 dəfə; əsas kapitala yönəlmiş vəsaitlərin məbləği 4,4 dəfə; valyuta ehtiyatlarımız 28,1 dəfə artmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatına 260,0 mlrd. ABŞ dollarından artıq sərməyə yatırılmış, iqtisadiyyatda məşğul olan işçilərin orta aylıq nominal əmək haqları 7,0 dəfə; pensiyaların həcmi 9,0 dəfə; minimum əmək haqqı isə 6,5 dəfə artmışdır. Professor Şahbaz Muradov yazır ki: “Atası Ulu öndər Heydər Əliyevin yolunu yaradıcılıqla davam etdirən İlham Əliyev cənabları 2003-cü ildə ölkə Prezidenti seçilərkən öz xalqı və ölkə qarşısında üzərinə götürdüyü çox şərəfli, şərəfli olduğu qədər də ağır vəzifənin öhdəsindən bacarıqla gələrək sahib olduğu siyasi kursu ləyaqətlə yerinə yetirməklə malik olduğu bütün keyfiyyətlərinə görə xalqımızın LİDERİ səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyev cənabları ulu öndər Heydər Əliyevin elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasını daha da inkişaf etdirərək Azərbaycanı dünyanın lider dövlətləri sırasına, onun iqtisadi inkişaf səviyyəsinin isə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə nail olmuşdur”. Kitabı daha da oxunaqlı edən burada prof. Şahbaz Muradovun müxtəlif illərdə müxtəlif rəsmi dövlət qəzetlərində və müstəqil mətbuat orqanlarında, habelə Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş kollektiv formada yazılmış kitablarda çap olunmuş “Heydər Əliyevin iqtisadi siyasəti qalib gəlir: iqtisadi yüksəlişin zirvəsinə doğru inamlı addımlar”(1998-ci il); “Müstəqilliyimizin və milli mənəviyyatımızın qarantı” (2001-ci il); “Müstəqillik illərində iqtisadiyyatın inkişaf etdirilməsi Azərbaycanın postsovet məkanında öncüllər sırasına çıxması ilə nəticələnmişdir” (2001-ci il); “Elmi həqiqətin təntənəsi” (2002-ci il); “Azərbaycan Elmlər Akademiyasının inkişafında Heydər Əliyev mərhələsi” (2003-cü il); “Heydər Əliyev dövlət müstəqilliyimizin və iqtisadi yüksəlişimizin memarıdır” (2003-cü il); “Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük  mütəfəkkir idi” (2004-cü il); “Heydər Əliyevin inkişaf strategiyası bu gün də uğurla həyata keçirilməkdədir” (2009-cu il); “Heydər Əliyevin ideyalarına söykənən demoqrafiya siyasəti və demoqrafik proseslərin nizamlanması istiqamətləri” (2011-ci il); “Heydər Əliyev müstəqilliyimizin və Azərbaycan xalqının əbədiyaşar lideridir” (2018-ci il) və digər adda olan məqalələrinin  də özünə yer almasıdır. Professor Şahbaz Muradov kitabda ulu öndərlə bağlı xatirələrini də qələmə alaraq yazır ki, “bu böyük şəxsiyyətlə dəfələrlə ünsiyyətdə olmuş və ondan öz ünvanına xoş sözlər eşitmişdir”. Müəllif vurğulayır ki, “bu dahi şəxsiyyətlə dəfələrlə ünsiyyətdə olması və ondan xoş sözlər eşitməsi onun həyatının ən yaddaqalan anlarıdır”.                                           

Professor Şahbaz Muradovun “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)” adlı kitabının məzmunu ilə dərindən və ətraflı tanışlıq onu deməyə əsas verir ki, bu kitab Ulu öndərimizin əvəzsiz xidmətlərinin mahiyyət və məzmununu: Azərbaycan xalqının xoşbəxtliyinin və Azərbaycanın müstəqilliyinin əbədiliyinin, dönməzliyinin təmin edilməsi yolunda onun gördüyü böyük işləri və bu gün bu kursun Ulu öndərin layiqli varisi Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini özündə əks etdirən real faktların əsasında yüksək elmi səviyyədə yazılmış fundamental tədqiqat əsəri olub, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş dəyərli töhfə kimi qiymətləndirilə bilər. Bu kitab bütövlükdə dövlətçiliyimizə, Ümummilli Lider Heydər Əliyevə, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi müstəqil siyasətinə müəllifin dərin ehtiramının, inamının, verdiyi yüksək alimlik-ziyalılıq qiymətinin təzahürüdür. Bu kitab həm iqtisadi, həm də siyasi baxımdan çox qiymətli tədqiqat əsəri kimi Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsinin davamlı surətdə öyrənilib tətbiq və təbliğ edilməsində həm bu gün və həm də gələcək günlər üçün xüsusi əhəmiyyət kəsb edən əyani vəsait və elmi mənbə kimi də çox dəyərli və əhəmiyyətlidir.

Bir sözlə, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, “Şöhrət” ordenli Şahbaz Muradovun geniş oxucu kütləsinə təqdim edilmiş “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)” adlı kitabı yüksək elmi səviyyədə yazılmış fundamental  tədqiqat əsəri kimi qiymətləndirilərək AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının yekdil qərarı ilə Elm üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuşdur. Müəllifi ürəkdən təbrik edir və elmi yaradıcılığında ona bundan sonra da yeni-yeni uğurlar diləyirik.

Tofiq Hüseynov

iqtisad elmləri doktoru, professor, Əməkdar iqtisadçı