Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları" tədqiq olunacaq

  • Oxunub 939 dəfə

 “Sosial-iqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları" layihəsi ilə qalib olmuşdur. Layihənin rəhbəri AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir (İmanov).

  “Sosial-iqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Ramiz İsgəndərovun verdiyi məlumata görə, təşkilat iyulun 1-dən etibarən layihənin icrasına başlamışdır. 4 aylıq dövrü əhatə edən layihə çərçivəsində “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları” adlı kitabçanın nəşri nəzərdə tutulmuşdur. Kitabın yazılmasında Azərbaycanın bu sahə üzrə tanınmış ekspertləri (iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosent Allahyar Muradov, i.f.d., dosent Rəsmiyyə Abdullayeva, i.f.d., dosent Mahir Zeynalov) iştirak edəcəklər. Kitab ali təhsil müəssisələrinə paylanılacaq.

 R.İsgəndərov onu da qeyd edib ki, qeyri-formal məşğulluqla mübarizədə əhalinin maarifləndirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. Çünki qeyri-formal məşğul insanlar çox zaman hansı sosial hüquqlardan məhrum olduqlarını belə bilmirlər. Odur ki, layihənin icrası müddətində və ondan sonra da bu mövzu diqqət mərkəzində saxlanılacaq, ictimai müzakirələr aparılacaq (economics.coma.z).